...

Kamal Məmmədov: Paralimpiyaçılarımız məşqlərini evdə davam etdirirlər

İdman Materials 3 İyul 2020 20:11 (UTC +04:00)
Kamal Məmmədov: Paralimpiyaçılarımız məşqlərini evdə davam etdirirlər

Bakı. Trend:

Artıq müəyyən müddətdir ki, dünya çətin günlərdən keçir. Dünyanı öz caynağına almış koronavirus (COVİD-19) pandemiyası Azərbaycana da öz təsirini göstərir. Ölkə başçısı cənab İlham Əliyev həkimləri, polisləri, müəllimləri, könüllüləri və o cümlədən bütün dövlət güclərini bu prosesdə həmrəy olmağa, güclü olmağa, ən əsası birlikdə olmağa səslədi.

Cənab Prezident İlham Əliyev etdiyi çıxışında dediyi - "Mən maska taxıram, bəs siz niyə taxmırsınız?" sözləri vəziyyətin nə dərəcədə təhlükəli olduğunu və qaydalara ciddi əməl etməli olduğumuzun sübutudur. Verilən əmrlər, qəbul edilmiş qanunlar və tətbiq edilən məhdudiyyət qərarlarının hər biri vətəndaşların sağlamlığı üçün atılan addımlardır. Hər bir vətəndaş maska və tibbi ləvazımatlardan istifadə etməli, sosial məsafə saxlamalı, zərurət olmadıqda evdən çıxmamalı, əllərini tez-tez yuyub, antiseptik vasitələrlə dezinfeksiya etməlidir. Bu qaydalar çox sadə və eyni zamanda çox vacibdir. Buna baxmayaraq, bəzi vətəndaşlar bu qaydalara əməl etmir, əksinə maskasız, sosial məsafə saxlanılmadan səhlənkarlıq edib özlərini, ailələrini, sevdiklərini təhlükəyə atırlar. Bu qaydalara ciddi şəkildə əməl olunsa, heç kim canından olmaz.

Bildiyiniz kimi, yaranmış vəziyyət ilə əlaqədar bizim idmançılar və digər fiziki məhdudiyyətli şəxslər də bu günlərdə evdə qalmaq məcburiyətindədirlər və sözsüz ki, bu hal onların fəaliyyətlərinə çox böyük təsir göstərir. Lakin buna baxmayaraq, paralimpiyaçılarımız Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qaydalarına riayət etməklə evdə məşqlərini davam etdirirlər. Tokio-2020 Yay Paralimpiya Oyunlarında idmançılarımızın fəxri kürsüyə yüksəlmək, himnimizi və bayrağımızı zirvələrə qaldırmaq üçün ciddi hazırlaşırıq və bu istiqamət üçün artıq fəaliyyət planımız var. Bildiyiniz kimi pandemiya bu il bütün yarışların, yerli və beynəlxalq turnirlərin ləğv olunması və təxirə salınmasına gətirib çıxardı. Buna baxmayaraq, Azərbaycan Milli Paralimpiya Komitəsi bu dövrdə yeni layihələrə start verdi, ölkəmizdə abilimpiya hərəkatının yaradılmasında və müyəssərliyin təmin olunması sahəsində ciddi addımlar atdı. Hesab edirəm ki, professional idmanla məşğul olmaq istəməyən fiziki məhdudiyətli şəxslər üçün abilimpiya hərəkatına qoşularaq öz peşə və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək gözəl fürsətdir, eyni zamanda bu günlərdə evdə qalaraq vaxtlarını daha səmərəli keçirməyə köməklik edəcək.

Mən bir daha öz adımdan bütün vətəndaşlara müraciət edirəm - "Gəlin qaydalara əməl edək. Sağlamlığımızı, sevdiklərimizi ən əsas da ailəmizi qoruyaq. Unutmayaq ki, koronavirus alacağımız tədbirlərdən güclü deyildir, çünkü biz YENİLMƏZİK!".

Kamal Məmmədov,
Milli Paralimpiya Komitəsinin baş katibi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti