...

Ağasif Rəhimov və Raziyə Seyidli akrobatika gimnastikası üzrə dünya çempionatında daha iki finala vəsiqə qazanıb

İdman Materials 11 Mart 2022 13:36 (UTC +04:00)
Ağasif Rəhimov və Raziyə Seyidli akrobatika gimnastikası üzrə dünya çempionatında daha iki finala vəsiqə qazanıb

Bakı. Cani Babayeva - Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında çıxış edən Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüklər arasında temp hərəkətlərində və ümumi proqramda finala vəsiqə qazanıblar.

Trend-in məlumatına görə, temp hərəkətlərində cütlük 29,090 xal toplayıb.

Onlar təsnifat mərhələsini ikinci yerdə başa vurublar.

İdmançılar ötən gün balans hərəkətlərində də 28,760 xalla finala çıxıblar. Cütlük iki hərəkətin cəmində 57,850 toplayaraq ümumi proqramda da finala vəsiqə qazanıblr.

Qarışıq cütlüklərdə Azərbaycanı təmsil edən Sabir Ağayev və Mehriban Salamova isə finala çıxa bilməyib.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans, temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir. Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti