Bakı. Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ilk yarış günündən təəssüratlarım çox yaxşıdır.
Bunu Trend-ə yarışların iştirakçısı, Kipri təmsil edən gimnast Anna Sokolova deyib.
"Əvvəlcə bir az həyəcanlı idim, amma hər iki növü [halqa və topla hərəkətlər] kiçik səhvlərə baxmayaraq, yaxşı keçirdim. Ümumiyyətlə, mən razı qaldım. Kubokun ikinci günündə gürzlər və lentlə hərəkətlərdə yarışırıq, ona görə də indi mən bu məşqlərə köklənəcəyəm", - deyə gimnast bildirib.
Onun sözlərinə görə, startdan əvvəl o, Bakıda iki məşq keçirib.
"Çərşənbə günü axşam Bakıya gəldik, ertəsi gün yerində iki məşq etdik - biri məşq zalında, ikincisi isə podiumda. Hər şey əla keçdi. Bakıdakı gimnastika arenasının zalı gözəldir, şərait qeyri-realdır, çoxlu məşq xalçaları var və tamaşaçılar həvəslə dəstəkləyir, bütün bunlar uğura təkan verir", - deyə gimnast əlavə edib.
Anna Sokolova bədii gimnastika qaydalarına edilən dəyişikliklərə müsbət yanaşdığını da vurğulayıb.