Bakı. Trend:
Ötən il Bakıda keçirilən Dünya Kubokunda ikinci yer tutdum və ümid edirəm ki, bu il öz nəticəmi daha da yaxşılaşdıra və ya təkrar edə bilərəm.
Bu barədə Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edən gimnast Selcan Maqsudova Trend-ə deyib.
"2023-cü ilin ilk startına bir gün qalıb. Yarışlara hazırlıq yaxşı keçdi. Mən iki üçqat salto ilə yeni proqramda çıxış edəcəyəm. Bu proqram üzərində artıq çoxdandır çalışıram. Mən bu proqramla Dünya Çempionatında çıxış edəcəyəm və imkan olarsa, gələcəkdə daha çox bal toplamaq üçün kombinasiyanı daha da mürəkkəbləşdirəcəyik", - o deyib.
Maqsudovanın qeyd etdiyi kimi, Bakıda keçirilən mərhələdən sonrakı Kubok artıq yayda baş tutacaq.
Doğma ölkəmdə yarışlarda çıxış etmək daha böyük məsuliyyət tələb edir, lakin burada həm də böyük dəstəyi hiss edirsən. Mən həmişə gənc idmançılarımız üçün nümunə olmaq istəmişəm və ümid edirəm ki, öz çıxışımla onlara yaxşı nümunə olacağam", - o əlavə edib.
Xatırladaq ki, 18-19 fevral tarixlərində Bakı şəhərində yerləşən Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Yarışlarda 16 ölkədən 63 gimnastın çıxış edəcəyi gözlənilir. İdmançılar fərdi və sinxron proqramlarda çıxış edəcəklər.