Bakı. Trend:
Bu gün Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start verilib.
Trend-in məlumatına görə, turnirin ilk turu Azərbaycan yığması üçün uğurlu keçib. Yarışa qatılan 8 təmsilçimizdən 5-i rəqiblərini məğlub edib.
Avropa çempionatının son qalibi Ülviyyə Fətəliyeva, eləcə də Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova ilk görüşlərində qələbə qazanıblar. Gülnar Məmmədova və Nərmin Abdinova yarım xalla kifayətləniblər. Yeganə məğlubiyyət isə Lalə Hüseynovanın aktivinə yazılıb.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarət olacaq. Çempionatda ilk 10 yeri tutan şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.