Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərə daha sərfəli və əlçatan xidmətlərin təqdim edilməsi məqsədilə bir sıra stansiyalarda bu yeniliklər həyata keçirib.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, Abşeron dairəvi marşrutu üzərində yerləşən Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib. Nəticədə əlavə olaraq 7 turniket sərnişinlərin istifadəsinə verilib.
Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən 9-a çatdırılıb.
Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.
Bundan başqa, Bakı Dəmiryol Vağzalında mövcud turniketlər yenilənib və ümumilikdə 34 turniket istifadəyə verilib.
Bütün bu yeniliklər dəmiryol stansiyalarına giriş-çıxış imkanlarının genişləndirilməsini, turniketlərdə xüsusilə pik saatlarında növbələrin azaldılmasını təmin edəcək.
ADY sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməyə davam edəcək.