Bakı. Trend:
Aprelin 1-də İkinci Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsi şəhidləri - Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov və polkovnik-leytenant Sədi Musayevin doğum günləri münasibətilə anım mərasimləri keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bİldirilib ki, mərasimlərdə Müdafiə Nazirliyinin bir qrup zabiti, Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, məktəblilər və digər qonaqlar iştirak ediblər.
Şəhid zabitlərimizin məzarları ziyarət edilib, əklil və gül dəstələri qoyularaq xatirələri ehtiramla yad olunub.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərin şərəfli həyat və döyüş yollarından, vətənpərvər zabitlər kimi Vətənə qüsursuz xidmətlərindən, Vətən müharibəsi zamanı göstərdikləri şücaət və igidliklərdən danışıblar.
Hər iki şəhidimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.