Bakı. Trend:
“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi və “Azərbaycan Rəqs Assosasiyası” birgə təşkilatçılığı ilə ötən həftəsonu Şəki şəhər Heydər Əliyev Mərkəzində “Böyük Qafqaz” incəsənət və rəqs müsabiqəsi baş tutub.
Trend xəbər verir ki, müsabiqəyə həm paytaxt Bakıdan, həm də respublikamızın digər regionlarından yüzlərlə istedadlı uşaq və gənclər qatılıb.
Onlar uyğun yaş qruplarına bölünərək incəsənətin müxtəlif növləri(xalq çalğı alətləri, klassik alətlər, vokal, rəqs, təsviri incəsənət) üzrə öz performanslarını nümayiş etdiriblər.
“Böyük Qafqaz 2025” müsabiqəsinin ikinci yarısında isə rəqs incəsənəti üzrə qatılan iştirakçılar Folklor Etnik, Folklor Stilizasiya, Folklor Show, Dünya Xalqları Rəqsi, Hip-hop Show, Akrobatik rəqs, Showdance, Bollywood, Klassik Hind rəqsi növləri üzrə 3 hissədən ibarət olmaqla solo, duet, kiçik və böyük qruplar, ansambl və böyük ansambl formasında çıxış ediblər.
Uğurlu müsabiqənin layihə rəhbəri, “Azərbaycan Rəqs Asossasiyası”nın prezidenti Əziz Əzizov bildirib: “ Bu festival uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edir. Biz uşaq və gənclərimizin incəsənətlə iç-içə olmasına vasitəçilik etdiyimiz üçün çox şadıq”. Eyni zamanda, Əziz Əzizov çıxışlarına görə bütün iştirakçılara, bədii rəhbərlərə və ədalətli seçimlərinə görə dəyərli münsiflər heyətinə öz təşəkkürünü bildirib.
Qeyd etmək lazımdır ki, müsabiqədə xüsusilə fərqlənən iştirakçılar “GRAND PRİX” adı ilə mükafatlandırılıblar.
“Böyük Qafqaz 2025” kubokunun sahibi-GRAND PRİX mükafatına layiq görünlən isə müsabiqə daxilində ən çox fərqli rəqs növündə birincilik qazanmış komanda Bakı şəhərindən qatılmış Cavid Məmmədovun bədii rəhbərliyi altında fəaliyyət göstərən “İnci” rəqs ansamblı oldu və qalib komanda “Azərbaycan Çempionlar Liqası”nda iştirak etməyə haqq qazandı.
Müsabiqədə rəqs incəsənəti üzrə öz çıxışları ilə fərqlənib birincilik qazanan komandalar “Xəmsə”, “Gracia”, “Turan” və “Nur dance” rəqs kollektivləri oldu.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az