Bakı. Trend:
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Milli assosiasiyadan Trend-ə verilən məlumata görə, qurumun prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
İcraiyyə Komitəsini üzvləri Azərbaycan milli komandasının Haiti və Belarus yığmaları ilə yoldaşlıq oyunlarını dəyərləndiriblər. Yığmanın oyununun və nəticələrinin qənaətbəxş olmadığı vurğulanıb.
R.Nəcəf milli komandanın baş məşqçisi Fernandu Santuşla görüşdüyünü, onun qarşısına qoyulan hədəflərin dəyişilməz olaraq qaldığını qeyd edib.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere İcraiyyə Komitəsinin toplantısında mövsümün gedişi barədə hesabat verib. O, Azərbaycan Premyer Liqası və ölkə kuboku uğrunda oyunlarda bəzi hakim səhvlərinin olduğunu etiraf edib. Lakin çempionatın XXVIII turuna qədər hakimlərin meydanda VAR-ın köməyi olmadan 87 faizdən çox düzgün qərarlar qəbul etməsini yaxşı nəticə kimi qiymətləndirib.
Frank De Blekere mövsümün sonuna doğru çempionatda oyunların daha gərgin keçəcəyini deyərək, hakimlərin buna hazır olmaları üçün əllərindən gələni edəcəklərini bildirib. AFFA Hakimlər Komitəsinin sədri İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablandırıb, onların təkliflərini dinləyib.
AFFA İcraiyyə Komitəsi Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanovun müraciətinə baxıb. Futbolun İnkişafı Strategiyasına uyğun olaraq, müraciətin detalları ilə bağlı təqdimatın hazırlanması AFFA Katibliyinə tapşırılıb.