...

Nazir: Yeni özünüməşğulluq proqramı 1500 nəfərə biznesini qurmağa imkan verəcək (FOTO)

İqtisadiyyat Materials 7 Oktyabr 2016 17:25 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov ilə görüş olub.
Nazir: Yeni özünüməşğulluq proqramı 1500 nəfərə biznesini qurmağa imkan verəcək (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov ilə görüş olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov respublikamızda makroiqtisadi sabitlik və inkişafa nail olunması məqsədilə ötən dövrdə əldə olunan uğurları diqqətə çatdırıb. Nazir xüsusən iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, bu istiqamətdə aparılan uğurlu islahatlar, regional inkişafın, sahibkarlığın hərtərəfli dəstəklənməsi son illərdə dünya iqtisadiyyatında baş verən proseslərin milli iqtisadiyyata mənfi təsirlərinin minimallaşdırılmasına şərait yaradıb. Qeyri-neft sektorunun genişlənməsi və ÜDM-də payının 70 faiz təşkil etməsi ölkənin əmək bazarında da sabitliyin əldə olunmasına, çoxsaylı iş yerlərinin yaradılmasına, işsizliyin 5 faizədək enməsinə səbəb olub: “Ölkədə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması demoqrafik sahədə də müsbət proseslərlə müşahidə edilir. Doğulanların sayının ölənlərin sayını 3 dəfədən çox üstələdiyi ölkəmizdə 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faiz, 2016-cı ilin yanvar-iyul aylarında 0,6 faiz artaraq bu ilin avqust ayının 1-i vəziyyətinə 9765,4 min nəfərə çatıb. Müvafiq klassifikasiyaya əsasən, respublikamızın əhalisi gənc əhali hesab olunur və əhalinin 71,6 faizi əmək qabiliyyətlidir”.

S.Müslümov əmək ehtiyatlarından dolğun istifadə olunması üçün aparılan islahatların eyni zamanda kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafına yönəldiyini, nəticədə aqrar sektorda məşğulluq imkanlarının xeyli artdığını qeyd edib. Nazir aktiv məşğulluq tədbirlərindən bəhs edib, dövlət başçısının müvafiq sərəncamı ilə ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində icrasına başlanılan özünüməşğulluq proqramı barədə məlumat verib: “Hazırda praktik icra mərhələsində olan bu proqram 1500 nəfərin öz biznes fəaliyyətini qurmasına imkan verəcək. Həmin proqram təkcə məşğulluğun təminatı məqsədinə deyil, həm də kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Bu sahədə formalaşan uğurlu təcrübə gələcəkdə belə proqramların daha da genişlənməsini stimullaşdıracaq”. S.Müslümov ölkəmizdə mövcud demoqrafik meyllər və inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan “Azərbaycan Respublikasında Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsindən də bəhs edib.

AİB ilə qeyri-neft sektoru sahəsində əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan nazir bildirib ki, ölkədə sosial infrastrukturun inkişafında öz töhfələrini verən bu əməkdaşlıq təşkilatın 2014-2018-ci illər üzrə “Ölkə partnyorluq strategiyası” çərçivəsində davam etdirilir. Həmin strategiya üzrə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, özəl sektorun inkişafına dəstək xarakterli işlər, habelə sosial önəm kəsb edən, sosial müdafiə sistemində inkluziv yanaşmaların tətbiqinə yönələn layihələr təqdirəlayiqdir. S.Müslümov eyni zamanda Mərkəzi və Qərbi Asiya ölkələrində layiqli iş yerlərinin yaradılması yolu ilə inklüziv inkişafa nail olunması üçün aparılan siyasətlərin dəstəklənməsi yönündə AİB-in fəaliyyətinin, məşğulluq siyasəti və əmək bazarını da əhatə edən araşdırmaların təşkil olunmasının əhəmiyyətini qeyd edib.

N.Mannapbekov AİB-lə Azərbaycan hökuməti arasında səmərəli əməkdaşlığın daim inkişaf etməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafa yönələn uğurlu islahatları, eləcə də əmək bazarında özünü göstərən müsbət prosesləri, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi tədbirlərini maraqla izlədiklərini bildirib. N.Mannapbekov bu islahatlara daim fəal dəstək vermək əzmində olduqlarını diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın mövcüd vəziyyətinə və gələcək inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti