...

Azərbaycan Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti ÜƏMT-nin 56-cı sessiyasında iştirak edib

İqtisadiyyat Materials 7 Oktyabr 2016 18:42 (UTC +04:00)
Oktyabr ayının 3-dən 11-dək Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzvü olan ölkələrin Baş Assambleyasının 56-cı sessiyası keçirilir.
Azərbaycan Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti ÜƏMT-nin 56-cı sessiyasında iştirak edib

Bakı. Trend:

Oktyabr ayının 3-dən 11-dək Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzvü olan ölkələrin Baş Assambleyasının 56-cı sessiyası keçirilir.

Müəllif Hüquqları Agentliyindən Trend-ə verilən məlumata görə, 3-5 oktyabr tarixlərində Agentliyin sədri Kamran İmanov başda olmaqla nümayəndə heyəti assambleyanın işində iştirak edib. Tədbirdə müzakirələrə müəlliflik hüququ və sənaye mülkiyyəti sisteminin ötən il üzrə önəmli mühüm yekunları çıxarılıb.

Nümayəndə heyəti ÜƏMT-nin Baş Direktoru Frensis Harri ilə görüşüb.

K.İmanov F.Harrini Azərbaycanda innovasiyalara əsaslanan qeyri-neft sektorunun prioritet inkişafı və Azərbaycan brendlərinin təşviqi üçün şəraitin yaradılması barədə məlumatlandırıb. Bununla əlaqədar o, cari ilin noyabr ayında universitetlərdə və elmi müəssisələrdə innovasiyalar və əqli mülkiyyət siyasəti üzrə regional, beynəlxalq seminarın keçirilməsinə dəstəyə görə ÜƏMT-yə minnətdarlığını bildirib.

Öz növbəsində, Baş Direktor F.Harri Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırlayaraq qeyd edib ki, əqli mülkiyyət kreativlik və innovativliyə xidmət edir. F.Harri vurğulayıb ki, gələcəkdə də respublikanın müəlliflik hüququna və bütövlükdə əqli mülkiyyət sisteminə dəstək qöstərəcək.

Söhbət zamanı Azərbaycanda rəqəmsal müəllif hüquqlarının idarəedilməsinin və piratçılığa qarşı mübarizənin nəticələrinə toxunulub, ÜƏMT-lə Azərbaycan arasında qarşılıqlı əlaqə haqqında Anlaşma Memorandumu çərçivəsində qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonda K.İmanov F.Harriyə Azərbaycanda əqli mülkiyyət sahəsini xarakterizə edən Agentliyin ingilis və rus dillərində son nəşrlərini -«Intellectual Property and Human Rights», “Copyright and Internet Clash of Interests and Compromise Search”, “On the Intellectual Property Policy at Universities and Scientific – Research Institutions of Azerbaijan” və s. təqdim edib.

F.Harri onların aktuallığını vurğulayaraq, bu nəşrləri yüksək qimətləndirib və Azərbaycanda əqli mülkiyyət mədəniyyətinin inkişafına onların mühüm töhfə olmasına inam ifadə edib.

Assambleyanın gedişi zamanı Avropa və Asiya ölkələri Departametində işçi görüşlər keçirilib, bu görüşlərdə Azərbaycanda müəlliflik və oxşar hüquqlar sahəsinin bundan sonrakı inkişafı məsələləri müzakirə edilib, Agentliyin və ÜƏMT-nin gələn il keçiriləcək birgə tədbirlərinin tarixləri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti