Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru-mətbuat katibi Cəmalə Əliyevaya İngiltərənin nüfuzlu “Chartered İnstitute of Public Relations” (CİPR) İnstitutu tərəfindən bu İnstitutun akreditə olunmuş PR mütəxəssisi (CİPR Accredited PR Practitioner) statusu verilib. C. Əliyeva hazırda CİPR-ın yeganə Azərbaycanlı üzvüdür.
Trend-in məlumatına görə, bu status CİPR-ın üzvü olan, iki il ərzində PR sahəsində bilik və bacarıqlarını artırmaq üçün tələb olunan müxtəlif fəaliyyət növlərini həyata keçirərək (CPD activities) hər il 60 bal olmaqla, ümumilikdə 120 bal toplayan şəxslərə təqdim edilir.
C.Əliyeva 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışır. 2013-cü ildə Azərbaycan Mətbuat Şurası tərəfindən ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentinin direktoruna “Azərbaycan mediası ilə səmərəli əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə” diplom təqdim edilmişdir.
O, Böyük Britaniyanın Birmingham Universitetində Dövlət İdarəçiliyi və İnkişaf üzrə magistr dərəcəsi (fərqlənmə diplomu), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi İdarəetmə üzrə bakalavr dərəcəsi (fərqlənmə diplomu) və Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə təhsil almışdır.