...

PAŞA Sığorta “Karyera üçün Təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib (FOTO)

İqtisadiyyat Materials 7 İyun 2018 12:38 (UTC +04:00)
PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə Göyçay və Şəkidə “Karyera üçün Təhsil” layihəsi çərçivəsində “Sığorta işinin əsasları” adlı silsilə təlimlər təşkil olunub.
PAŞA Sığorta “Karyera üçün Təhsil” layihəsi çərçivəsində regionlarda təlimlər təşkil edib (FOTO)

Bakı. Trend:

PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə Göyçay və Şəkidə “Karyera üçün Təhsil” layihəsi çərçivəsində “Sığorta işinin əsasları” adlı silsilə təlimlər təşkil olunub.

Trend-in məlumatına görə, PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən keçirilən təlim məşğələlərində iştirakçılar sığortanın əsas anlayışları, sığorta bazarının strukturu və şirkətin fəaliyyət xüsusiyyətləri ilə yaxından tanış olublar. Təlim zamanı tələbələr müxtəlif praktiki tapşırıqlar vasitəsilə sığorta məhsullarının növləri, onların xüsusiyyətləri və ümumilikdə sığortanın iş prinsipləri barədə biliklərə yiyələniblər. Təlimlər zamanı vurğulanıb ki, bu tipli tədbirlərin başlıca məqsədi regionlarda sığorta maarifləndirilməsini həyata keçirmək, o cümlədən gələcəkdə sığorta sahəsi üzrə gənc kadrların yetişdirilməsinə töhfə verməkdir.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub və fəallığı ilə fərqlənən gənclər PAŞA Sığortadan xüsusi hədiyyə ilə təltif ediliblər.

Qeyd edək ki, 2017-2018-ci tədris ilini əhatə edən “Karyera üçün Təhsil” layihəsi Göyçay və Şəki regionları üzrə peşə məktəblərində təhsil alan, ümumi təhsil pilləsindən sonra təhsilini davam etdirməyən və ya işsiz olan 17-29 yaş arası 200 gənci əhatə edir. Təqdirəlayiqdir ki, layihə iştirakçılarına peşəkar inkişaf təlimləri ilə yanaşı turizm, kənd təsərrüfatı, marketinq, satış və digər sahələr üzrə peşə yönümlü dərslər də keçilir. PAŞA Sığortanın təşəbbüsü, JA Azərbaycan İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə reallaşdırılan, gənclərin bilik və bacarıqlarını, məşğulluq imkanlarını artırmağı qarşısına məqsəd qoyan “Karyera üçün Təhsil” layihəsi peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsi ilə gəncləri gələcək karyeralarında uğur qazanmaları üçün istiqamətləndirir.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti