Bakı. Trend:
“Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
“Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində 2 ildir ki, beynəlxalq “HUB” layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “Rusiya Poçtu” “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Sözügedən layihə çərçivəsində “Rusiya Poçtu” ilə daha öncə də beynəlxalq poçt xidmətləri sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş bağlanıb. Hazırda isə imzalanan memorandumun məqsədi beynəlxalq daşımalar zamanı yaranan problemlərin hər iki ölkənin poçtdaşımalarının maraqlarına əsasən həll edilməsi istiqamətində yeni addımlar atmaqdır.
Qeyd edək ki, “Azərpoçt”un tranzit mərkəzi vasitəsilə Azərbaycandan Rusiyaya 2018-ci ilin 9 ayı ərzində göndərilən poçt həcminin ümumi çəkisi 93.485 kq təşkil edib.
Memoranduma əsasən, Çin tərəfinin sadə kiçik paketləri üzrə terminal xərcləri üçün hər iki tərəfin maraqlarına cavab verən məqbul tariflər formalaşdırılacaq. “Rusiya Poçtu”nda həyata keçirilən sadələşdirilmiş, qeydiyyatdan keçmiş poçt xidməti üçün terminal xərclərinin vəziyyəti tənzimlənəcək, beynəlxalq elektron ticarət paketləri üçün daxil olan tarif güzəştində qarşılıqlı endirimlərin tətbiqi üzrə addımlar atılacaq və beləliklə, poçt göndərişlərinin qəbulu zamanı şərti ödənişlə bağlı mövcud problemlər aradan qaldırılacaq.