Bakı. Trend:
“AzerGold” QSC-nin yerli elm və təhsil ocaqları ilə əməkdaşlığı davam edir. Dağ-mədən sənayesi və yan sahələrdə mütəxəssislərin formalaşdırılması, peşəkar artımı, innovativ texnologiya və yanaşmaların araşdırılmasını, həmçinin ölkəmizin elmi potensialının dağ-mədən sənayesində tətbiqini nəzərdə tutan əməkdaşlıq çərçivəsində treninqlər təşkil olunur, təqdimat və tədbirlər keçirilir.
Trend-in məlumatına görə, dekabrın 18-də “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim – seminar keçirib.
17-18 sentyabr tarixlərində “AzerGold” QSC-nin mütəxəssisləri üçün “ADA” Universitetində "Layihələrin idarəolunması" mövzusunda təlim təşkil edilib.
Oktyabr ayı ərzində “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr dərəcələrində təhsil alan tələbələri üçün “Tikinti layihəsinin hazırlanması” mövzusunda treninq keçirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda təqdimat təşkil edib, həmçinin “ADA” Universitetində təşkil olunan “Qabaqcıl liderlik” adlı təlimlərdə iştirak ediblər.
Noyabrın 15-də “AzerGold” QSC-nin insan resurslarının idarəolunması şöbəsinin əməkdaşları tərəfindən “ADA” Universitetində "Karyeraya ilkin addımlar" mövzusunda təqdimat keçirilib. Bununla yanaşı, “AzerGold” QSC dekabr ayının14-də Azərbaycan Texniki Universitetində təşkil olunan Karyera Sərgisində iştirak edib.
Eyni zamanda, təhsil ocaqları ilə konkret nümunələr üzərində tədqiqat və araşdırmaların aparılması, həmçinin innovativ layihələrin hazırlanması və tətbiqi istiqamətində əməkdaşlıq davam edir.
Qeyd edilənlərlə yanaşı, kadr potensialının möhkəmləndirilməsi məqsədilə “AzerGold” QSC tələbələr üçün təcrübə proqramları təşkil edir. Ümumilikdə, 2017 və 2018-ci illərdə “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “ADA” Universitetinin 60-dan çox tələbəsi təcrübə keçib.