Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 6 ay ərzində ümumi sahəsi 2 190 082 kv.m olan 21 911 mənzilli, ümumilikdə 359 girişli 133 binaya (kompleksə) dair müsbət rəy verilib. 129-u Bakı şəhəri, 3-ü Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.
Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə 30 iyul 2019-cu il tarixində Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında müvafiq qurumların nümayəndələrinin iştirakı ilə Abşeron rayonu ərazisində inşa edilmiş və nöqsanları aradan qaldırılmadığından Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinin verilməsi mümkün olmamış 23 çoxmənzilli yaşayış binasının nümayəndələri ilə görüş keçirilib. Tədbirdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib, nöqsanların aradan qaldırılması məqsədilə görüləcək işlər və bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən köməkliyin göstərilməsi imkanları müzakirə edilib.
Qeyd edək ki, fərmandan irəli gələn məsələlərin icrası davam etdirilir və görülən işlər ölkə başçısının nəzarəti altındadır.