Bakı. Trend:
"PAŞA Sığorta" və "PAŞA Holdinq"in birgə təşkilatçılığı ilə regionlarda təhsilə dəstək məqsədilə “Birincilər” layihəsi reallaşdırılıb.
Davamlı olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri reallaşdıran "PAŞA Sığorta" şirkəti "PAŞA Holdinq"in dəstəyi ilə ənənəvi olaraq yeni tədris ili ərəfəsində regionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı silsilə tədbirlər həyata keçirib. Beləliklə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, həmçinin Tərtər rayonunda baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində "PAŞA Sığorta" və "PAŞA Holdinq"in bir qrup könüllü əməkdaşı tərəfindən 700-dək uşağa məktəbli forması dəsti və dərs ləvazimatları ilə təchiz edilmiş məktəbli çantaları təqdim edilib. Tədbirlər zamanı uşaqların sevinc və marağına səbəb olmuş sürpriz əyləncə proqramı da təşkil olunub.
Təqdirəlayiqdir ki, cari təşəbbüs artıq ardıcıl olaraq dördüncü ildir ki, həyata keçirilir və layihənin miqyası ildən ilə böyüyür. Qeyd edək ki, əvvəlki illərdə layihə çərçivəsində ölkənin müxtəlif regionlarında aztəminatlı ailələrdən olan 700-dək uşaq forma və ləvazimatlarla təmin edilib.
Davamlı olaraq müxtəlif sosial layihələr reallaşdıran "PAŞA Sığorta" və "PAŞA Holdinq" şirkətləri gələcəkdə də ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüsləri davam etdirməyi nəzərdə tutur.
Qeyd edək ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.