...

Aydın Hüseynov: Qətiyyətli və ardıcıl yürüdülən siyasət nəticəsində ölkəmiz iqtisadiyyatda və sosial sektorda uğurları təmin etməyə qadirdir

İqtisadiyyat Materials 16 Aprel 2020 09:42 (UTC +04:00)
Aydın Hüseynov: Qətiyyətli və ardıcıl yürüdülən siyasət nəticəsində ölkəmiz  iqtisadiyyatda və sosial sektorda uğurları təmin etməyə qadirdir

Bakı. Elçin Mehdiyev - Trend:

Ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət meyillərin davam etməsi üçün əsaslı gözləntiləri formalaşdırıb.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransı şərh edən millət vəkili vurğulayıb ki, cari ilin ötən dövrü kifayət qədər qənaətbəxş və uğurlu hesab edilə bilər:

“2020-ci il Azərbaycan üçün uğurla başlayıb, makroiqtisadi göstəricilər ümumi inkişafın dinamikliyini cəsiyyələndirir. Birinci rübdə əldə olunmuş makroiqtisadi uğurlarla müşayiət edilməkdədir. Ümumi daxili məhsul 2 ay ərzində 3 faiz artıb, iqtisadi artımda qeyri-neft sektorunun payı 7 faizə yaxın olub. Birinci rübdə isə ümumi daxili məhsul 1,1 faiz artıb və iqtisadi inkişafda yenə də qeyri-neft sektoru əsas ağırlıq mərkəzi olub, 3 faizdən bir qədər çox artım qeydə alınıb. Qeyri-neft sənaye sektorunda isə ikirəqəmli - 23 faiz artım qeydə alınıb. Qeyd olunan dövrdə inflyasiya 3 faiz təşkil edib, əhalinin gəlirləri isə 7 faizə yaxın artıb”.

Aydın Hüseynov qeyd edib ki, dövlətin gücünü əsaslandıran başlıca faktorlardan biri xalqın dəstəyi ilə qətiyyətli islahatların aparılmasıdır:

"Azərbaycan 2020-ci ilin əvvəllərindən başlayaraq bütün hakimiyyət qollarında geniş və dərin islahatlar apardı, islahatlar idarəetmə mexanizminin daha da təkmilləşməsinə, qanunverici və icraedici orqanların fəaliyyətində səmərəliliyin və çevikliyin artmasına öz müsbət təsirini göstərməkdədir. Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur, yerli icra orqanlarında kadr islahatları aparılır. Bütün bunlar idarəetmənin təkmilləşməsinə və şəffaflığın güclənməsinə təsir göstərməkdədir. İqtisadi sektorları əhatə edən bu islahatlar dövlətin gəlirlərinin artmasına, dövlət proqramlarının maliyyələşməsi üçün əlavə maliyyə mənbələrinin yaranmasına imkan verib".

Millət vəkili qeyd edib ki, artıq pandemiya bütün ölkələrin iqtisadiyyatlarına mənfi təsirlər göstərməkdədir:

"Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bir çox ölkələr maliyyə problemləri ilə üz-üzə qalıbdır, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Avropa Bankına yardım almaq üçün müraciət edən ölkələrin sayı 150-ni ötübdür. Azərbaycan vaxtında uzaqgörən təmkinli siyasət nəticəsində öz iqtisadi imkanlarını artırıb, güclü maliyyə ehtiyatları yaradıb. Hazırkı şəraitdə həmin ehtiyatlar hesabına bütün dövlət proqramları və layihələri uğurla icra olunmaqdadır".

A.Hüseynov bildirib ki, ölkəmizdə sosial vəziyyət əksər region ölkələri ilə müqayisədə xeyli yaxşıdır:

“Bir çox ölkələr artıq sosial xərcləri ödəyə bilmir, ancaq Azərbaycanda sosial təminat və infrastruktur layihələrinin icrasında heç bir problem yoxdur. Cari ilin 3 ayında əhalinin gəlirləri 3 faiz artıb, ilin əvvəlində pensiya və müavinətlər artırılıb. Orta aylıq əməkhaqqı 28 faiz, orta pensiyanın məbləği təqribən 27 faiz artıb. Hazırda ölkəmizdə orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manatdır. Bu, MDB regionunda ən yaxşı göstəricilərdən biridir. Bu, onu göstərir ki, 2020-ci ildə başlanmış sosial və iqtisadi inkişaf və tərəqqi davamlı olacaq. Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Koronavirus bütün dünya iqtisadiyyatı üçün böyük problemdir və təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərir. Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılır, həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə bu islahatlar paralellik təşkil edir. Beləliklə, vəhdət təşkil edən bu siyasi qətiyyət hesabına ölkəmiz bütün təsirləri iqtisadiyyatda və sosial sektorda minimuma endirməyə qadirdir”.

Aydın Hüseynov bildirib ki, hazırda aparılan islahatlar postpandemiya dövründə ölkəmizin yeni inkişaf mərhələsinə inamla qədəm qoymasına səbəb olacaq:

“Bununla bağlı genişmiqyaslı islahatlar dayanmadan davam etdirilir. Ölkəmizin qeyri-neft iqtisadiyyatının bütün sektorlarının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və yerli istehsalın artırılması və ixracın genişləndirilməsi də qarşıya mühüm məsələlər kimi qoyuldu. Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən əlavə tədbirlərin görüləcəyini, fermerlərin maliyyə ehtiyaclarının ödənilməsi üçün mikrokreditlərin veriləcəyini, istehsalın artırılması üçün bir sıra addımların atılmalı olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı onu da qeyd edib ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. “Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti