...

Maliyyə dəstəyi ilə bağlı sualınız var? - cavabı İqtisadiyyat Nazirliyinin saytında tapın

İqtisadiyyat Materials 17 Aprel 2020 13:47 (UTC +04:00)
Maliyyə dəstəyi ilə bağlı sualınız var? - cavabı İqtisadiyyat Nazirliyinin saytında tapın

Bakı. Trend:

Məlum olduğu kimi, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrə və fərdi sahibkarlara maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir. İqtisadiyyat Nazirliyi maliyyə dəstəyinin alınması mexanizmini ətraflı şəkildə ictimaiyyətə açıqlayıb. Hazırda hər gün minlərlə fərdi sahibkar və vergi ödəyicisi hər iki proqramdan yararlanmaq üçün müraciətlər edir.

Trend xəbər verir ki, aprel ayının 16-nə olan məlumata görə, artıq 15.500-dək hüquqi şəxs və 21.000-dən yuxarı fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Sahibkar yalnız elektron müraciət etməlidir

Maliyyə dəstəyi vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında həyata keçirilir. Maliyyə dəstəyinin alınması mexanizminin başlıca şərti odur ki, bu proqramından yararlanmaq üçün vergi ödəyiciləri İnternet Vergi İdarəsində mövcud olan şəxsi kabinetləri vasitəsilə onlayn müraciət etməlidirlər. Müraciətlərə baxıldıqdan sonra qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi sahibkarların bank hesablarına köçürülür. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsi mərhələli şəkildə, məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödəniləcəkdir. Müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara dövlət dəstəyi orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanır.

Misal:

Tutaq ki, vergi ödəyicisinin 10 işçisi var. Onlardan 6-sının əməkhaqqı 600 manat, 4-ünün isə 1200 manatdır. Bu halda, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizminə əsasən:

- 600 manat əməkhaqqı alan şəxslər üçün maliyyə vəsaiti iki bərabər hissəyə bölünür: vəsaitin 300 manatı aprel, 300 manatı isə may ayında ödənilir.

- 1200 manat əməkhaqqı alan şəxslər üçün ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi – 712 manat əsas götürülür və maliyyə vəsaiti iki bərabər hissəyə bölünür. Həmin şəxslərə 356 manat aprel, 356 manat isə may ayında ödənilir.

Dövlət dəstəyi proqramına əsasən, sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

Bu proses vergi orqanlarının mütəxəssisləri tərəfindən ətraflı şəkildə izah olunsa da, təcrübə göstərir ki, sahibkarlar müraciətlərdə ya yanlışlıqlara yol verir, ya da ortaya çıxan hər hansı uyğunsuzluqları həll etməkdə çətinlik çəkirlər. İqtisadiyyat Nazirliyi ortaya çıxan bir çox sualları cavablandırmaq məqsədilə öz saytında xüsusi bölmə yaradıb: https://www.taxes.gov.az/az/page/iqtisadi-artima-ve-sahibkarlara-dovlet-desteyi-tedbirlerinin-mexanizmleri. Burada müraciətlər üçün video təlimatlar, ən çox səsləndirilən suallar və onlara cavablar, ümumiyyətlə maliyyə dəstəyi ilə bağlı zəruri məlumatlar toplanıb.

Qarşıya çıxan bəzi suallara və vacib məqamlara diqqət yetirək.

Aktiv bank hesabının olmaması ilə bağlı məsələlər

Maliyyə dəstəyinin göstərilməsi zamanı, xüsusilə də fərdi (mikro) sahibkarlarla bağlı dəstək proqramının əsas şərtlərindən biri hüquqi şəxslərin və sahibkarların bank hesabının mövcudluğu və onun aktiv olmasıdır. Maliyyə dəstəyi almaq istəyən sahibkarın bank hesabı mütləq aktiv olmalıdır. Dövlət büdcəsindən ayrılan vəsaitlər sahibkarların bank hesablarına köçürülür. Həmin sahibkarın dövlət büdcəsinə vergi və ya sosial sığorta üzrə borcları olsa belə, ödənilən vəsaitlər borclara silinmir, bank hesablarından sərəncamlar geri götürülür.

Bank hesabı olmayan vergi ödəyiciləri hesabın açılmasına şəhadətnamə-dublikatın alınması üçün müraciət göndərməlidir. Müraciət qəbul edildikdən sonra qısa müddət ərzində sahibkarın seçdiyi bankda hesabın açılması təmin edilir. Bundan sonra sahibkar maliyyə dəstəyi üçün müraciət göndərə bilər.

Bəzi hallarda bank hesabı olamayan sahibkarın müraciət anına vergi və sosial sığorta haqqı üzrə borcları mövcud olur. Adi qaydada belə hallarda sahibkar borcunu ödəməyənə qədər, ona bank hesabı açması üçün müraciət hüququ verilmir. Lakin mövcud şərtləri nəzərə alaraq, müəyyən güzəştlər edilib. Belə ki, sahibkar belə hallarda məhdudiyyətin aradan qaldırılması məqsədilə sərbəst ərizə forması ilə müraciət etməlidir. Onun müraciəti müsbət həll olunur və sahibkar şəhadətnamə-dublikatın alınmasına məhdudiyyət götürüldükdən sonra bank hesabı açılması üçün müraciət edə bilər.

Fəaliyyət kodu və vergi rejimindəki uyğunsuzluq

Bəzən sahibkarın uçota düşdüyü zaman qeyd etdiyi təsnifat kodu ilə yardım üçün müraciət edən zaman göstərdiyi fəaliyyət növü uyğun gəlmir. Belə hal sistem tərəfindən uyğunsuzluq kimi qəbul edilir. Sahibkar baza məlumatlarının dəqiqliyini təmin etməlidir. Uçota düşdüyü zaman səhlənkarlıq üzündən, yaxud bilərəkdən yanlış daxil edilmiş məlumatlar onu dövlət dəstərindən məhrum edə bilər. Sahibkara bu halda öz uçot məlumatlarını dəqiqləşdirmək imkanı verilir.

Vergi ödəyicisi müraciət edərkən uçot baza məlumatlarında olan vergi rejiminə uyğun qeydiyyat aparmalıdır. Fərdi (mikro) sahibkarlar müraciət zamanı 4 vergi rejimindən birini seçirlər. Bu rejimlərə sahibkarın 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi rejimində fəaliyyət göstərməsi, fərqlənmə nişanı əsasında daşıma fəaliyyəti ilə məşğul olması, sabit vergi qəbzi ilə fəaliyyət göstərməsi və dövriyyəsi 12 ay ərzində 200 min manatı keçmədiyi halda mikro sahibkar kimi gəlir vergisi rejimində fəaliyyət göstərməsi aiddir. Sahibkar sistemdə bu vergi rejimlərindən birini seçməlidir və bu uçot baza məlumatları ilə üst-üstə düşməlidir.

Maliyyə dəstəyi 2019-cu ildə vergi ödəyənlərə şamil olunur

Dövlətin sahibkarlara maliyyə dəstəyi proqramları elan olunan kimi, bəzi vətəndaşlar son günlərdə vergi uçotuna düşərək VÖEN almağa çalırlar. Bəs bu halda həmin şəxslərə maliyyə dəstəyi düşürmü?

Hər şeydən öncə bunu dəqiq bilmək lazımdır ki, bu dəstək çətin vəziyyətdə sahibkarlara dövlət köməyi kimi nəzərdə tutulub və heç bir halda, sui-istifadə predmetinə çevrilə bilməz. Yeni fəaliyyətə başlayan, əvvəlki dövrlərdə dövlət büdcəsinə vergi ödəməyən şəxslər maliyyə dəstəyi üçün müraciət edə bilməzlər.

Fərdi sahibkar hətta uçotda olubsa belə, lakin 2019-cu ildə vergi ödənişləri aparmayıbsa, yaxud vergi orqanına boş hesabat göndərərək gəlirlərini olmadığını və ya işləmədiyini göstəribsə, o da maliyyə dəstəyi almaq hüququna malik deyil.

Pandemiyadan zərər çəkən sahələr hansılardır?

Qarşıya çıxan əsas suallardan biri muzdlu işçilərin əmək haqqının ödənilməsi üçün maliyyə dəstəyi proqramında iştirakla bağlıdır. Baxmayaraq ki, bu sahədə maliyyə dəstəyi pandemiyadan zərər çəkən sahələrə verilir və onların konkret siyahısı bəllidir, bununla belə yenə də həmin siyahıya əlavə olunmalar, yeni fəaliyyət sahələrinin müəyyən edilməsi ilə bağlı sorğular daxil olmaqdadır.

Qeyd edilməlidir ki, bu siyahı vergi xidməti tərəfindən müəyyən edilmir, bu zərərin təsir etdiyi əsas sahələr və fəaliyyət istiqamətləri müvafiq dövlət qurumlarının iştirak etdiyi işçi komissiyanın rəyi və qərarı əsasənda formalaşdırılıb. Yenə də bu siyahı ilə İqtisadiyyat Nazirliyinin dəstək mexanizmləri ilə bağlı yaratdığı xüsusi səhifədə tanış olmaq mümkündür.

Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatı ilə ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://www.e-taxes.gov.az/new/downloads/Fealiyyet_kodlari_pandemiya_yeni.xlsx

Elektron kabinetinizi izləyin, bildirişlər ora gəlir

Uçot-baza məlumatları ilə vergi ödəyicisinin doldurduğu məlumatlar arasında uyğunsuzluq aşkarlandıqda, sistem tərəfindən onun elektron kabinetinə bildiriş göndərilərək məlumatların dəqiqləşdirilməsi və yenidən müraciət etməsi üçün imkan yaradılır. Ona görə də bütün vergi ödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər. Hazırda sahibkarların rastlaşdıqları ən böyük texniki problem onun uzun müddət elektron xidmətlərdən uzaq düşməsi ilə bağlıdır. Belə ki, hətta ən intizamlı vergi ödəyicisi belə əgər xeyli müddət özünün şəxsi kabinetinə daxil olmursa, təbii ki, ona məxsus sistem şifrə-parolunu unudacaqdır. Vergi hesabatlarını hələ də kağız daşıyıcısında təqdim edən, ümumiyyətlə şifrə-parol almayan vergi ödəyiciləri var. Təəssüf ki, bu şəxslər özlərinə məxsus şifrə-parolu əldə etməyincə, dəstək üçün onlayn müraciət etmək hüququndan yararlana bilməyəcəklər.

Məlum olduğu kimi, vergi ödəyicisi özünün şəxsi kabinetinin şifrə-parolunu ya xidmət mərkəzlərindən, ya da uçotda olduğu vergi orqanından şəxsən əldə etməlidir. İzolyasiya tədbirləri ilə əlaqədar vergi oranlarında canlı ünsiyyət minnimuma endirilib və xidmət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb. Müraciətlərə baxılması vaxt itkisinə səbəb olduğuna görə, elektron xidmətlərdən maksimum istifadə edən vergi ödəyicilərinin maliyyə dəstəyi yardımı üçün mürəciət etməklə bağlı üstünlükləri göz qabağındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti