...

Pandemiya səbəbindən Azərbaycana gələn turistlərin sayı 2.9 dəfə azalıb

İqtisadiyyat Materials 21 Avqust 2020 16:00 (UTC +04:00)
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Pandemiya səbəbindən Azərbaycana gələn turistlərin sayı 2.9 dəfə azalıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Trend-in məlumatına görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-iyul aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədləri ilə həyata keçirilib.

2020-ci ilin yanvar-iyul aylarında ölkəmizə gələnlərin 29,1 faizi Rusiya Federasiyası, 26,1 faizi Gürcüstan, 15,9 faizi Türkiyə, 7,4 faizi İran, 2,1 faizi Ukrayna, 2,0 faizi Hindistan, 1,9 faizi Səudiyyə Ərəbistanı, 1,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,2 faiz olmaqla Pakistan və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 77,2 faizini kişilər, 22,8 faizini qadınlar təşkil edib.

Cari ilin yanvar-iyul aylarında Çindən gələnlərin sayı 9,8 dəfə, Cənubi Koreyadan – 9,2 dəfə, İsraildən – 6,5 dəfə, Yaponiyadan və Polşadan – 6,3 dəfə, Macarıstandan – 5,9 dəfə, İraqdan – 5,4 dəfə, Omandan və Səudiyyə Ərəbistanından – 5,3 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5,2 dəfə, Kanadadan və ABŞ-dan – 4,9 dəfə, Fransadan – 4,8 dəfə, Böyük Britaniyadan, Almaniyadan və Niderlanddan – 4,4 dəfə, Türkmənistandan – 3,9 dəfə, Qətərdən – 3,8 dəfə, İtaliyadan – 3,7 dəfə, Qazaxıstandan – 3,5 dəfə azalmışdır.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,8 dəfə azalaraq 17,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,6 dəfə azalaraq 83,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,0 dəfə azalaraq 218,0 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi dəmir yolu və avtomobil, 29,5 faizi hava, 1,9 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti