...

Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə

İqtisadiyyat 22 Yanvar 2022 10:47 (UTC +04:00)
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə

Bakı. Trend:

Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri kimi kənd təsərrüfatının inkişafı həyata keçirilən iqtisadi siyasətdə əsas yer tutur. Ərzaq təhlükəsizliyinin təminatını stabil saxlamaq üçün bu günədək geniş miqyasda aparılan aqrar islahatların tətbiqində məqsəd əhalinin kənd təsərrüfatı məhsullarına tələbatının daxili mənbələr hesabına ödənilməsinə nail olmaqdır. Bunun üçün ölkədə əlverişli biznes mühiti yaradılır, sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir, iş adamlarının səmərəli fəaliyyəti üçün dövlətin maddi-mənəvi, hüquqi dəstəyi artırılır. Əhalinin dayanıqlı ərzaq məhsulları ilə təminatında maraqlı olan dövlət istehsalın artırılması üçün beynəlxalq səviyyədə özünü doğruldan təcrübələrin tətbiqinə səy göstərir. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına xüsusi diqqət göstərilməsi, həmçinin rayonlar üzrə ixtisaslaşmanın aparılması, bu və ya digər sahələrlə bağlı Dövət proqramlarının təsdiqlənməsi və uğurlu icrası da bu məqsədə xidmət edir. Prezident İlham Əliyevin sədrliyi ilə ayrı-ayrı kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşmış rayonlarda keçirilən müşavirələrdə qarşıya qoyulan məqsədlər də ölkədə əhalinin ərzaq tələbatının ödənilməsinə, idxaldan asılılığa son qoyulmasına xidmət edir. Dövlət başçısı İlham Əliyev daim bu hədəfi açıqlayır ki, əsas məsələ Azərbaycan brendi ilə istehsal olunan məhsulların dünya bazarlarına çıxarılmasını təmin etməkdir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Nazirlər Kabinetinin ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsi ilə bağlıTrend-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, sözügedən müşavirədə qlobal bahalaşmanı şərtləndirən əsas faktorlara diqqət yönəldilib: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. Bir mühüm məqamı da nəzərə alaq ki, dünya iki ildən artıqdır koronavirus infeksiyasına qarşı mübarizə aparır. Mübarizənin ilk dövrünə nəzər salsaq əksər ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə belə mübarizənin hansı şəkildə aparılması ilə bağlı konkret ideya, təklif olmadığı üçün özünəqapanma hallarının baş verdiyini görürük. Bütün bunların nəticəsində dünya dövlətlərinin iqtisadiyyatında baş verən durğunluq diqqətdən kənarda qala bilməzdi. Bu faktoru düzgün dəyərləndirən Azərbaycan bu çətinliklərdən də öz uğurlu siyasəti ilə çıxmaq imkanlarına malik olduğunu nümayiş etdirdi. İqtisadi islahatların dərinləşdirilməsi, qeyri-neft sektorunun inkişafına, o cümlədən sahibkarlıq subyektlərinə xüsusi diqqətin göstərilməsi bu problemlərin aradan qaldırılmasına geniş yol açdı. Amma bütün bunlara baxmayaraq, bu gün qlobal iqtisadiyyata inteqrasiya edən Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunmaqdadır. Hər zaman olduğu kimi, bu halların doğurduğu həyəcan təbili daim Azərbaycan hökuməti tərəfindən müəyyən qabaqlayıcı tədbirlərin görülməsi ilə cavablandırılır.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, statistik rəqəmlərə müraciət etsək 2019-2020-ci illərlə müqayisədə 2021-ci ildə dünya bazarlarında taxılın qiymətinin artdığını görərik: “Belə ki, 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər yüksəlib. Azərbaycanda orta illik inflyasiya 6,7 faiz, o cümlədən ərzaq inflyasiyası 8,1 faiz, qeyri-ərzaq inflyasiyası 5,1 faiz təşkil edib. 2021-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 12 faiz olub. Ötən il ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib. Təbii ki, bütün bu uğurlar yeni iqtisadi və sosial inkişaf modelinin təqdimatıdır. Həyata keçirilən siyasətin əsasında vətəndaş amilinin dayanması, ölkədə insan amilinə yüksək dəyər verilməsi ortaya çıxan hər hansı bir çətinliyin, problemin anındaca həlli istiqamətində davamlı addımların atılmasını şərtləndirir. Buna əmin olmaq üçün 2021-ci ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də bu kimi məqamlara aydınlıq gətirmişdir. Əsas hədəf dayanıqlı inkişafın təmin olunmasında şəffaflığın qorunması, ictimai nəzarətin gücləndirilməsidir. O da məlumdur ki, illərdir tətbiq olunan “tarladan süfrəyə” prinsipi əsasında ərzaq məhsulları istehsalı prosesinin bütün mərhələlərində keyfiyyətə nəzarət sistemi təkmilləşdirilir. Biznes mühitini yaxşılaşdırmaqla fermerlərin bazara çıxışına əngəl olan maneələr aradan qaldırılır. İnhisarçılıq hallarına qarşı mübarizə gücləndirilir. Eyni zamanda, rəqabətə davamlı məhsul istehsalının həcminin və keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş addımlar təkmilləşdirilir.”

“Bu gün ölkəmizin ərzaq təhlükəsizliyi və əhalinin ərzaq təminatı ilə bağlı əsas hədəfləri strateji ərzaq məhsullarının istehsalının genişləndirilməsi, taxıl-buğda istehsalında məhsuldarlığın artırılması, onun tədarükündə daxili tələbata yönələn hissənin keyfiyyətinin yüksəldilməsidir. Bu hədəf də açıqlanır ki, əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğu nəzərə alınaraq, ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olmalıdır”, - deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri, həmçinin diqqəti süni qiymət artımının qarşısını almaq üçün görülən və görüləcək tədbirlərə yönəldib: “Bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür. Nazirlər Kabinetinin müşavirəsində də qeyd olunduğu kimi, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni şəkildə artırılması hallarında inzibati tədbirlərdən istifadə olunmaqla möhtəkirlik hallarının qarşısı qətiyyətlə alınacaq, istehlak bazarına nəzarət gücləndiriləcək. Məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün səylər daha da artırılacaq. Təcrübə göstərir ki, əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində olacaq. Gələcəkdə işğaldan azad edilmiş ərazilərimizin malik olduğu imkanlardan, əkin sahələrindən məqsədli istifadə kimi məsələlər mövcud problemlərin həllinə öz müsbət təsirini göstərəcək. Eyni zamanda, iqtisadi rayonların yeni bölgüsü də qarşıdakı dövr üçün hədəflərə öz müsbət töhfəsini verəcək. Ümumilikdə bu fikri böyük inamla qeyd edə bilərik ki, Azərbaycan hər bir iqtisadi çətinliyi aradan qaldırmaq imkanlarına malikdir. Buna əsas verən möhkəm təməl üzərində dayanıqlı inkişafın təmin edilməsinə yönələn islahatlar prosesinin sürətləndirilməsidir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti