Bakı. Trend:
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçiriləcək “Aqrar texnologiyalar” (AgroTech) müsabiqəsində iştirak edən tələbə, startapçı və fərdi sahibkarlar innovativ layihə və məhsullarını uğurla təşviq etmək imkanı əldə edəcəklər.
Məlumat üçün bildiririk ki, “TEKNOFEST” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu il 26 – 29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək. Beynəlxalq brendə çevrilən “TEKNOFEST”in keçirilməsində əsas məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat, təhsil və digər sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Festivalın ən maraqlı müsabiqələrindən biri olan “AgroTech”in keçirilməsində əsas məqsəd irəli sürüləcək yeni texnologiyalarla həm əhalinin rifahının yaxşılaşdırılmasına, həm də ölkə iqtisadiyyatının inkişafına dəstək göstərməkdir.
Son illərdə kənd təsərrüfatı sahəsində ən çox müşahidə olunan problemlər meşə və bitki örtüyünün xeyli seyrəlməsi, mədən yataqlarının qeyri-adekvat istismarı, uyğun olmayan əkin dövriyyəsi, qeyri-mütənasib gübrə istifadəsi və qlobal iqlim dəyişikliyi nəticəsində məhsuldarlığın azalmasıdır.
“AgroTech” müsabiqəsinin şərtlərinə əsasən, B kateqoriyasında iştirak edən tələbələr və C kateqoriyasında iştirak edən startapçılar və fərdi sahibkarlar üçün Mükafat Fondu eynidir: I yer 6000 manat, II yer 4000 manat, III yer 2000 manat təşkil edir.
Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 17 fevral 2022-ci ildir.
Qeydiyyat üçün elektron keçid: https://teknofest.az/az/competitions/
Əlavə məlumat əldə etmək üçün:
050 251 40 28
Xatırladaq ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.