Ağdam. Fərid Zöhrabov -Trend:
Zəngəzur dəhlizi ilə Naxçıvana 330 kV-luq elektrik xəttinin çəkilməsi gündəmdir.
Bunu Trend-in suallarını cavablandırarkən Azərenerji Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.
T.Abdullayev bildirib ki, Cəbrayıl rayonuna Ağcabədi və İmişlidən 330 kvtlıq xəttin çəkilməsi nəzərdə tutulur.
"Zəngəzur dəhlizi vasitəsiylə Avropaya enerji ixrac edilməsi nəzərdə tutulur. Ağcabədi 330 kV-luq yarımstansiyasının tikilməsi və bu xəttin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana çəkilməsi və həmin xətt vasitəsiylə elektrik enerjisinin Türkiyəyə ordan da Avropa bazarına ixrac edilməsi məsələsi nəzərdə tutulur", - deyə T.Abdullayev əlavə edib.
Qeyd edək ki, bu gün ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin Ağdam şəhərinə səfəri təşkil olunub. Jurnalistlər 2 gün öncə Prezident İlham Əliyevin açılışını etdiyi "Ağdam-1", "Ağdam-2" yarımstansiyalarına, "Qarabağ" rəqəmsal idarəetmə mərkəzinə, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki eyniadlı yarımstansiya ilə tanış olacaqlar.