...

Türkiyənin nəqliyyat və infrastruktur sektorunda yeni dövr

İqtisadiyyat Materials 13 Aprel 2023 16:45 (UTC +04:00)
Türkiyənin nəqliyyat və infrastruktur sektorunda yeni dövr
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə son 20 il ərzində böyük inkişaf yolu keçib.

Bu inkişaf iqtisadiyyatın bütün sektorlarında olduğu kimi, nəqliyyat və ümumi infrastruktur sahəsində də özünü göstərir.

Rəqəmlərə nəzər yetirsək görərik ki, Türkiyədə nəqliyyat və ümumi infrastruktur sektorunda uğurlu nəticələr əldə olunub. Məsələn, ötən dövr ərzində iki hissəli (gediş-gəliş) yol uzunluğu 6100 km-dən 28772 km çatdırılıb. Həmçinin hazırda avtobanların ümumi uzunluğu 3633 kmdır. Əvvəllər isə bu rəqəm 1714 km idi.

Türkiyə quru yolunda tunel sayına görə də ciddi uğurlar əldə edib. Qeyd edilən kateqoriya üzrə tulenlərin sayı 83-dən 469-a, körpü və qovşaq uzunluğu 311 km-dən 731 km-ə çatdırılıb. Hazırda Türkiyədə 39 avtomobil və üç dəmir yolu tuneli fəaliyyət göstərir. Dünyanın üçüncü ən uzun cüt borulu avtomobil yolu tuneli olan Zigana tuneli də Türkiyədədir. Zigana Tuneli ticarət yolu olan Uzaq Asiya və İran üzərindən Trabzona çatan marşrutun əsas halqalarından biridir. Bu yol bölgənin beynəlxalq tranzit ticarətinə töhfə verəcək.

Qeyd edək ki, tunelin ümumi uzunluğu - 29 kilometr, eni 12 metrdir. Tuneldə tikinti işlərinə eyni vaxtda iki istiqamətdə başlanılıb. Gümüşhane vilayətində tunelin tikintisinə 2016-cı ilin aprelində, Trabzonda isə həmin ilin avqustunda başlanılıb. Tuneldə 6 ventilyasiya sistemi quraşdırılıb.

Xatırladaq ki, hazırda Türkiyədə 39 avtomobil və üç dəmir yolu tuneli fəaliyyət göstərir. Rəsmi Ankara dəmir yolu sektoruna da xüsusi önəm verir. Ötən dövr ərzində Türkiyədə 1460 km uzunluqda sürət qatarı şəbəkəsi tikilib.

Bu gün dünyada dəmir yolu və avtomobil nəqliyyatı ilə yanaşı, hava nəqliyyatı da çox önəm verilən sektorlardandır. Türkiyə bu ehtiyacı nəzərə alaraq, hava yolları sahəsində də limanların sayını 26-dan 57-yə çatdırıb. Dəniz limanlarının sayı isə əvvəllər 37 olduğu halda, hazırda 84-dür. Türkiyə mənzil tikintisi sahəsində də öz mövqelərini gücləndirməyi bacarıb. Bu sektorda TOKİ (yaşayış evi inşaatı üzrə dövlət qurumu) etibarlı mənzil tikintisi üzrə ixtisaslaşıb.

TOKİ vasitəsi ilə ümumilikdə 1 milyon 170 min mənzil inşa edilib. 3 milyon mənzillik yenilənmə təmin olunub. Ümumilikdə 12 milyon vətəndaşın təhlükəsiz mənzillərdə yaşaması təmin edilib. TOKİ-nin inşa etdiyi mənzillər Türkiyədə baş verən zəlzələ zamanı dayanıqlığı ilə xüsusi diqqət çəkmişdi.

Su anbarı sayı 276-dan 930-a, su elektrik stansiyası sayı 97-dən 730-a, içməli su təsisi sayı 84-dən 370-ə və sulama təsisi sayı 1764-dən 3325-ə yüksəldilib.

Qeyd edək ki, Türkiyə şirkətləri ölkə daxili ilə yanaşı, dünyanın bir çox yerlərində nəhəng infrastruktur və nəqliyyat layihələri həyata keçirirlər. Məsələn, Türk şirkətlərinin ən böyük layihələrindən biri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindədir. Türkiyənin tikinti şirkəti artıq minimal müddətdə "Zəfər Yolu"nu inşa edərək istismara verib.

Bundan başqa, Füzuli-Şuşa, Mincivan-Ağbənd, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi Türkiyə şirkətləri tərəfindən həyata keçirilir.

Həmçinin Türkiyə şirkəti "Zabuxçay" su anbarı inşa edir. Təbii ki, Türkiyənin həm daxildə, həm də region ölkələrində həyata keçirdiyi nəqliyyat və infrastruktur layihələri bölgədə ticarət imkanlarının artırılmasına xidmət edir.

Göründüyü kimi, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti illərində tarixinin ən inkişaf etmiş dövrünü yaşayıb. Bu inkişafın kökündə isə Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu xarici və daxili siyasət dayanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti