Bakı. Trend:
"Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq" proqramının üçüncü fazası (PGGIII) çərçivəsində Azərbaycanda dörd ölkə layihəsi həyata keçiriləcək.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Aİ və Avropa Şurasının PGGII birgə proqramının 2023-2027-ci illər üzrə üçüncü fazasının reallaşdırılmasına həsr olunmuş təqdimatda deyib.
Səfir layihənin reallaşdırılması üçün lazım olan ümumi məbləğin 2,5 milyon avro olduğunu və bunun 80 faizinin Avropa İttifaqı tərəfindən qarşılandığını vurğulayıb.
"Bu proqram Azərbaycan hakimiyyətinə iqtisadi cinayətkarlıqla mübarizə və onun qarşısının alınması üzrə institusional imkanların möhkəmlənməsində yardım göstərilməsinə, məhkəmə sistemində islahatların və qeyri-bərabərliklə mübarizənin dəstəklənməsinə yönəlib", - səfir deyib.
P. Mixalko proqramın Azərbaycana yeni investisiyaların cəlbinə imkan yaradacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, "Yaxşı İdarəçilik naminə Tərəfdaşlıq" proqramı Avropa İttifaqı ilə Avropa Şurasının Şərq Tərəfdaşlığı regionunda birgə təşəbbüsüdür.
Proqram Şərq Tərəfdaşlığı ölkələrinin insan hüquqları, qanunun və demokratiyanın aliliyi sahəsində qanunvericilik və praktikalarının Avropa standartlarına yaxınlaşdırılmasında bu ölkələrə yardım göstərir.