...

Azərbaycan və Türkiyə dünyanın yeni enerji mərkəzi olacaq - Altuğ Karataş

İqtisadiyyat Materials 14 İyun 2023 18:50 (UTC +04:00)
Azərbaycan və Türkiyə dünyanın yeni enerji mərkəzi olacaq - Altuğ Karataş

Bakı. Trend:

Azərbaycan və Türkiyə dünyanın yeni enerji mərkəzi olacaq.

Trend xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) Enerji və Ətraf Mühit sektoru üzrə sədri Altuğ Karataş bildirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü təkcə iki prezidentin görüşü deyildi, dünyaya verilən böyük mesaj idi. Türkiyə və Azərbaycanın bölgədə və dünyada artan strateji önəmi, iqtisadiyyat, enerji qaynaqları və müdafiə sənayesi baxımından güclənməsi və Qarabağ müharibəsindən sonra ortaya çıxan yeniliklərlə birlikdə iki ölkə dünyaya bu mesajı verməkdədir: Azərbaycan və Türkiyənin siyasəti bir-birini tamamlayır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan dünya enerji balansı üçün çox vacib ölkədir.

“Türkiyə və Azərbaycan Avropa İttifaqının ehtiyacı olan təbii qaz nəqli məsələsində əməkdaşlıq edəcək. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın da bəyanatlarından başa düşülür ki, Azərbaycan və Türkiyə Avropa İttifaqının bu ehtiyacını ödəmək barədə razılığa gəliblər və texniki işlərin tamamlanması nazirliklər vasitəsilə həyata keçiriləcək. Avropaya qaz nəqlində Azərbaycan dünya təbii qaz bazarında mühüm rol oynayacaq və bu qazın Türkiyə ərazisindən keçməsi sayəsində Türkiyə təbii qaz mərkəzinə çevriləcək”, - deyə A.Karataş bildirib.

Türkiyəli mütəxəssis onu da əlavə edib ki, energetika sahəsində digər əsas məsələ bərpa olunan enerjidir.

“Dünyada mühüm külək enerjisi potensialından biri də Xəzər dənizindəki Azərbaycan sularıdır. Azərbaycan Avropanın ehtiyac duyduğu elektrik enerjisini Xəzər dənizində tikiləcək elektrik stansiyaları vasitəsilə Türkiyə üzərindən Avropaya göndərmək, hətta bu enerji ilə Türkiyəni və digər ölkələri də enerji ilə təmin etmək imkanı əldə edəcək. İki qardaş ölkə Türkiyənin bərpaolunan enerji sahəsində qazandığı təcrübə və Azərbaycanın böyük potensialı ilə birlikdə burada yeni bir enerji həmləsi həyata keçirəcək”, - deyə o vurğulayıb.

A.Karataş hesab edir ki, növbəti mərhələdə planlaşdırılan məsələ isə yaşıl enerji çərçivəsində karbonsuz yanacaq kimi qəbul edilən hidrogen hasilatıdır.

“Bərpa olunan enerjidən əldə ediləcək enerji vasitəsilə elektroliz üsulu ilə hidrogen qazı hasil ediləcək və bu hidrogen qazı Azərbaycandan Türkiyəyə gələn təbii qaz xətlərinə nəql ediləcək. Beləliklə, həm Türkiyə, həm də Azərbaycanın ehtiyac duyduğu karbonsuz yanacaq kimi gələcək layihələrə daxil edilən yaşıl hidrogenin istehsal və ixracına başlanılacaq”, - deyə o bildirib.

Qeyd edək ki, 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və yeni hökumətin üzvləri Azərbaycana səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti