Bakı. Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 80-ə yaxın investisiya layihəsinin icrasına başlanılıb.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev "İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası"nda deyib.
O qeyd edib ki, indiyə qədər işğaldan azad edilən torpaqları dirçəltmək üçün sərf olunan vəsaitin həcmi 7 milyard dollara yaxındır.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir dövrün tələblərinə uyğun olaraq ən yeni texnologiyalar tətbiq edilməklə güclü infrastruktur qurulur. Paralel şəkildə erməni vandalları tərəfindən təhqir olunmuş dini abidələrimizin bərpası işləri də sürətlə davam etdirilir və məscidlərimizin, qəbirstanlıqların vəhşicəsinə dağıdılması ilə bağlı faktlar müvafiq beynəlxalq təşkilatlara təqdim edilib. Artıq fəaliyyətə başlayan investisiya layihələrinin sayı 80-ə yaxındır. Bunlar əsasən sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sektorlarını əhatə edir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 18%-i və ya 9.3 milyard ABŞ dolları İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının üzv ölkələrinin payına düşür", - deyə M.Musayev bildirib.