Bakı. Trend:
2023-cü ildə Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemi üzrə 57 347 müqavilə rəsmiləşdirilib, həmin müqavilələr üzrə 10,131 milyon manat sığorta haqqı toplanılıb.
Trend İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 3,4 dəfə çoxdur.
Kəskin artımda ötən il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə "Yaşıl Kart" satılması böyük rol oynayıb.
Belə ki, "Yaşıl Kart" müqavilərinin 12 335-i ölkə xaricində, o cümlədən 9 075-i Qazaxıstanda, 3 260-ı isə Gürcüstanda rəsmiləşdirilib. Həmin müqavilələrin hesabına 6,145 milyon manat sığorta haqqı yığılıb. Başqa sözlə, hesabat dövründə Azərbaycan sığorta xidmətlərinin ixracından 6 milyon manatdan çox gəlir əldə edib. Bunun isə cəmi 179 min manatı Qazaxıstan və Gürcüstan qeydiyyatlı nəqliyyat vasitələrinin törətdikləri hadisələr üzrə sığorta ödənişinə yönəldilib.
2023-cü ildə ölkə daxilində isə 45 012 "Yaşıl Kart" müqaviləsi bağlanılıb və 3,986 milyon manat sığorta haqqı toplanılıb. Bunlar isə 2022-ci ilə nisbətən müvafiq olaraq 2 dəfə və 32 % çoxdur.