İstanbul. Trend:
"Petkim" Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya müəssisəsidir. "Petkim" 48 ölkəyə ixracat həyata keçirir.
Trend xəbər verir ki, bunu SOCAR Türkiyə Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.
K.Mirzəyev bildirib ki, "Petkim"in 15 əsas istehsal müəssisəsi 3,6 milyon ton maksimum istehsal gücünə malikdir və burada 60-a yaxın müxtəlif növ məhsul istehsal olunur:
"Petkim" Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 10,8%-ni qarşılayır. İşçilərin sayı 2 446 nəfərdir. Podratçılar da daxil olmaqla ümumi məşğulluq 5 000 nəfərdən çoxdur", - o bildirib.
O qeyd edib ki, "Petkim" 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” platformasıma seçilib.
"2022-ci ilin sonunda Petkim 6,5 milyard TL ilə 58 illik tarixinin xalis mənfəət rekordunu qırıb. 2023-cü ildə "Petkim" TİM-in (Türkiyə İxracatçılar Məclisi) “Ən Yaxşı 1000 İxracatçı” siyahısında 40-cı yeri tutub. Bərpa olunan enerji potensialından səmərəli istifadə məqsədilə 2017-ci ildə 51 meqavat gücündə “Petkim" Külək Elektrik Stansiyası” (KES) istifadəyə verilib. "Petkim" 2023-cü ildə Egey Zonası Sənaye Palatasının (EBSO) “100 Ən Böyük Şirkət” siyahısında üçüncü yeri tutub. Egey İxracatçıları Birliklərinin (EIB) "2023 İxracatın Ulduzları" siyahısına görə "Petkim" həm ümumi, həm də kimya kateqoriyasında birinci olub. "Petkim", İstanbul Sənaye Palatasının (İSO) hazırladığı "Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışa görə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb. "Petkim", Türkiyənin ən böyük 500 şirkətinin sıralandığı “FORTUNE 500 Türkiyə 2023” araşdırmasında 36-cı yeri tutub. Capital jurnalının hər il nəşr etdiyi və Türkiyənin ən böyük şirkətlərini siyahıya alan “Capital 500” siyahısında Petkim 2023-cü ildə 48-ci yerdə qərarlaşıb", - o bildirib.