Bakı. Trend:
Şimali Avropa, həmçinin Rusiya ilə Hind okeanını birləşdirmək üzrə böyük strateji əhəmiyyətə və tranzit potensialına malik Şimal-Cənub dəhlizinin inkişafı üçün Azərbaycan qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını 2024-cü ildə əhəmiyyətli dərəcədə genişləndirib.
Trend bu barədə səhmdar cəmiyyətə istinadən xəbər verir.
Dekabr ayında Azərbaycan və Rusiya arasında Şimal-Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan Saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal-Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Bu Saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq və daşıma həcmlərinin artım və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq.
Paralel olaraq dekabr ayında ADY rəhbərliyi İrana səfər edərək bu ölkənin dəmiryol rəsmiləri ilə görüşüb və İranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələləri və icra müddətlərini, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılmasını, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planlarını müzakirə edib. Görüşdə Azərbaycan və İran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” MMC-nin fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.
ADY Şimal-Cənub dəhlizinin inkişafı üçün də intensiv işlər görür. Ötən ilin sentyabr ayında Asiya İnkişaf Bankı ilə Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb.
ADY bu dəhliz üzrə artan yükaşırma həcmlərini daha sürətli və effektiv həyata keçirmək üçün 2024-cü ildə Azərbaycan ərazisindəki Astara yük terminalının rekonstruksiyasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub. Rekonstruksiya çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameraları ilə təmin edilib. Həmçinin yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsi yaradılıb.
Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditor şirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərin daşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur. Terminalın fəaliyyəti Şimal-Cənub dəhlizi üzrə tranzit yükdaşımaları ilin sonunadək 10-15% artırmağa imkan verib.
Terminalın potensialının Astara–Rəşt dəmiryol xətti istifadəyə verildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılması planlaşdırılır.
Şimal-Cənub dəhlizi ilə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.