Bakı. Trend:
Nəinki regionda, dünyada satışda ən ucuz yumurta Hindistandan sonra Azərbaycandadır. Azərbaycanda gündəlik tələbatdan 20-30% artıq süfrə yumurtası istehsal olunur.
Bunu Trend-ə açıqlamasında “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli deyib.
O bildirib ki, hazırda ölkədə süfrə yumurtasına gündəlik tələbat 4 milyon ədəd civarındadır: “Amma istehsalımız 5,5 milyon ədədin üzərindədir. Nəinki regionda, deyərdim ki, dünyada satışda ən ucuz yumurta Hindistandan sonra Azərbaycandadır. Hazırda yumurtanın fabriklərdən çıxış qiyməti 6-7 qəpik, marketlərdə isə 8-9 qəpikdir. Bu isə maya dəyərindən 7 qəpik aşağı deməkdir. Ölkədə yumurta bolluğu var. Ona görə də böyük rəqabət var deyə hər kəs aşağı qiymətə malını satmaq istəyir”.
Mütəxəssis Azərbaycanın yumurta ixracından da danışıb: “Damazlıq yumurta kifayət qədər artıqdır və ilin ilk ayı üçün 3-4 milyon ədəd damazlıq yumurta ixracımız gözlənilir. Süfrə yumurtasında da bu ay üçün təqribən 20 milyon ədəd ixrac proqnozlaşdırılır. İxracımız əsasən Yaxın Şərq ölkələrinədir. Ölkələr üzrə ifadə etsək, Əfqanıstan, Qətər, İraq, Kuveyt və digər ölkələri qeyd edə bilərik”.
“Hazırda qiymətlərin qalxmasından söhbət gedə bilməz. Yaxın gələcəkdə də qiymətlərin qalxması gözlənilmir. Çünki yemin qiyməti stabildir. Eyni zamanda toyuq əti də ötən ilə nisbətən 4-5% ucuzlaşıb. Hazırda anbarlarda kifayət qədər ehtiyatımız var”, - M. Həsənli vurğulayıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2024-cü ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 543,6 min ton ət, 2080,4 min ton süd, 2097,7 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,0 faiz, süd istehsalı 0,9 faiz, yumurta istehsalı 4,8 faiz artıb, yun istehsalı 2,1 faiz, barama istehsalı 32,9 faiz azalıb.