Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə Azərbaycanda olan səkkiz layihəyə 196 milyon avro investisiya qoyub.
Trend xəbər verir ki, ayrılmış vəsaitlərin böyük hissəsi özəl sektora və “yaşıl” iqtisadiyyatla bağlı təşəbbüslərə yönəldilib.
AYİB iri günəş elektrik stansiyalarının birgə maliyyələşdirilməsində iştirak etməklə Bakıda keçirilən COP29-da həlledici rol oynayıb. Nəticədə, Azərbaycanda maliyyələşən bərpaolunan enerji mənbələrinin ümumi gücü 1,2 qiqavatı ötüb. Bank eyni zamanda bərpa oluna bilən enerji mənbələri üzrə ölkədə keçirilən ilk hərraca dəstək olub ki, bu da Qaradağ rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyalarının inşasına yol açıb.
Bundan başqa, AYİB nəqliyyat infrastrukturuna sərmaye qoyaraq, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) 38.7 milyon avro həcmində kredit ayırıb. Həmçinin sözügedən bank ticarət sektoruna da dəstək verərək, Azərbaycan Beynəlxalq Bankı üçün 46,7 milyon avro dəyərində ticarətin maliyyələşdirilməsi proqramını təsdiqləyib ki, bu da yerli biznesin qlobal bazarlara inteqrasiyasını təşviq edir.
Kiçik və orta sahibkarlıq da AYİB-in dəstəyindən faydalanıb. Bank “AccessBank” və “Bank Respublika”a kreditlər ayırıb, eyni zamanda “AccessBank”la 15 milyon avroluq müqavilə bağlayaraq Azərbaycanda risklərin bölüşdürülməsi mexanizmini bərpa edib.
“2024-cü il Azərbaycanda bizim üçün uğurlu il olub” ,- deyə AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natali Muravidze bildirib.
“Biz bərpaoluna bilən enerjidən tutmuş nəqliyyat və kiçik və orta biznesə dəstəyə kimi əsas sahələrə investisiyalar həyata keçirmişik”,- deyə o əlavə edib
Qeyd edək ki, AYİB Azərbaycanın ən iri institusional investorudur və indiyədək 195 layihəyə 4 milyard avrodan çox yatırım qoyub və bununla iqtisadiyyatın şaxələndirilməsinə və özəl sektorun inkişafına dəstək olub.