Bakı. Trend:
Ölkə başçısının 2024-cü il 28 sentyabr tarixli Fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən istifadəyə verilən “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə daxil olan müraciətlərin baxılmasına başlanılıb.
Trend bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığı
və qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqların
aradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciət
edən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir və
metodiki köməkliklər göstərilir.
"Təhlil zamanı ilkin mərhələdə daxil olan müraciətlərin sırasında
yaşayış məntəqələri sahəsinə aid olmayan torpaqlarda, o cümlədən
kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilmiş fərdi
yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyası ilə
bağlı müraciətlərin üstünlük təşkil etdiyi məlum olub. Bu cür
müraciətlərlə bağlı bildiririk ki, əvvəlki dövrlərdə salınmış və
həmin yaşayış massivlərinin yerləşdiyi ərazi üzrə fəaliyyət
göstərən rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr
tərəfindən mövcud vəziyyətin qanunvericiliklə müəyyən edilmiş ərazi
planlaşdırma və şəhərsalma-tikinti qaydalarına uyğunluğu
dəqiqləşdirilməlidir. Belə müraciətlər fərdi qaydada deyil, rayon
(şəhər) icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yaşayış
massivi üzrə edilməlidir. Elektron müraciətlərin qanunvericilikdə
müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün
subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı,
tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin
etməlidirlər" - deyə məlumatda qeyd edilib.