Bakı. Trend:
Ötən il Azərbaycanda nağdsız ödənişlərin aparılmasında banklar tərəfindən emissiya olunan ödəniş kartları əsas ödəniş aləti kimi istifadə olunub. Bununla yanaşı, elektron pul təşkilatlarının emissiya etdiyi kart əsaslı olmayan elektron pullardan və QR kod ödənişlərdən istifadə tendensiyası formalaşıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, 2025-ci ilin yanvarın 1-i tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 19.9 milyon ədəd təşkil edib, virtual kartlar istisna olmaqla ödəniş kartlarının 80%-i təmassız ödənişləri dəstəkləyib.
Məlumata əsasən, 2023-cü il ilə müqayisədə ödəniş kartlarının sayı 17.6%, o cümlədən təmassız kartların sayı 23.5% artıb. Emissiya edilən ödəniş kartlarının 89%-ni (17.6 mln. ədəd) debet kartlar, 11%-ni (2.3 mln. ədəd) isə kredit kartları təşkil edib. Eyni zamanda virtual kartların sayı 22.8% artaraq 1.9 milyon ədədə çatıb. Dövriyyədə olan ödəniş kartlarının 9%-ni məhz virtual kartlar təşkil edib. 2024-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2023-cü il ilə müqayisədə 39% artaraq 122.9 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 61% artaraq 78.9 milyard manat olub.
Ölkədə ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin böyük hissəsi elektron ticarət əməliyyatlarının payına düşüb. 2024-cü il ərzində elektron ticarət əməliyyatlarının sayı 2023-cü il ilə müqayisədə 83% artaraq 1,003.4 milyon ədəd, həcmi isə 70% artaraq 66.5 mlrd. manat olub. Təsərrüfat subyektlərində 2024-cü il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2023-cü il ilə müqayisədə 49.3% artaraq 621.9 milyon ədəd, həcmi isə 25.4% artaraq 12.3 milyard manat olub. O cümlədən, 2024-cü il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2023-cü il ilə müqayisədə 49.6% artaraq 599.8 milyon ədəd, həcmi isə 29.1% artaraq 11.5 milyard manat olub.
Məlumatda vurğulanıb ki, aparılan təhlillər nəticəsində məlum olub ki, təsərrüfat subyektlərində quraşdırılan POS-terminalların sayının 1% artması, token əməliyyatlarının həcminin 3.9% artmasına təsir göstərir.