Bakı. Trend:
2024-cü ildə enerji istehsalı 28,4 mlrd. kVts təşkil edib, istehlak həcmi isə 24,2 mlrd. kVts-a yüksəlib.
Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.
O bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasının 2024-cü ildə təməli qoyulub.
“Digər xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hər biri 240 MVt-lıq Şəfəq günəş və Xızı-Abşeron külək elektrik stansiyalarının tikintisi davam etdirilir”, - deyə Ə.Əsədov qeyd edib.