Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 10,7 milyard manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, məhsul istehsalı neft-qaz sektorunda 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma, 31,8 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 77,4 faiz olub. Ümumi istehsalın 88,8 faizi sənaye məhsullarının istehsalı, 11,2 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 mart 2025-ci il vəziyyətinə 1028,8 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 55,9 faizi Bakı, 14,2 faizi Sumqayıt, 2,5 faizi Şirvan, 1,8 faizi Gəncə şəhərlərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 94,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.