Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 28,1 milyon ABŞ dolları dəyərində 4 min ton meşə fındığı ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər baxımından 5,3 milyon ABŞ dolları və ya 23%, həcm baxımından isə 249 ton və ya 6,6% çoxdur.
Hesabat dövründə meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,59%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 5,80%-ni təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan 109 milyon ABŞ dolları dəyərində 100,4 min ton meyvvə və tərəvəz ixrac olunub. 2024-cü ilin eyni dövründəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 9,5 milyon ABŞ dolları və ya 9,6%, həcmi isə 13,3 min ton və ya 15,3% artıb.
Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,29%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 22,47%-ə bərabər olub.
Həmçinin, bu ilin ilk iki ayında Azərbaycana ümumi dəyəri 66 milyon ABŞ dolları olan 88,1 min ton meyvə və tərəvəz idxal olunub. 2024-cü ilin eyni ayları ilə müqayisədə meyvə və tərəvəz idxalının dəyəri 2,8 milyon ABŞ dolları və ya 4,5% artıb, həcmi isə 3,5 min ton və ya 3,8% azalıb.
Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,59% təşkil edib.