Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 1 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin yanvar-fevral aylarındakı göstərici ilə müqayisədə 25 milyon ABŞ dolları və ya 2,5% çoxdur.
Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11,28%-i həcmində olub. Bununla da Türkiyə Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında ikinci pillədə qərarlaşıb.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 573,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 61,1 milyon ABŞ dolları və ya 9,6% azdır. Hesabat dövrü ərzində Türkiyə ilə ixrac əməliyyatları Azərbaycanın ümumi ixracının 12,03%-ni təşkil edib.
Bu ilin yanvar-fevral aylarından Türkiyədən Azərbaycana 431,3 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 86 milyon ABŞ dolları və ya 24,9% artım deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 7,4 milyon ABŞ dolları dəyərində 14,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 28,6 milyon ABŞ dolları və ya 79,4%, həcm ifadəsində isə 53,3 min ton və ya 78,3% azdır.
Dövr ərzində Türkiyə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci pillədə qərarlaşıb.
Eyni zamanda, 2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycandan Türkiyəyə 82,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 milyon ABŞ dolları və ya 14,9% azdır.
Hesabat dövründə Türkiyəyə qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 17,07% paya malik olub. Bununla da Türkiyə Azərbaycanın ən çox qeyri-neft məhsulları alışında Rusiyadan sonra ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.