Bakı. Trend:
“Starlink" yüksəksürətli internet xidmətinin Azərbaycanda aylıq ödənişi 100 manat olacaq.
Trend bu barədə şirkətdən məlumat əldə edib.
Məlumata görə, standart “Starlink” aparatının (modem) qiyməti 670 manatdır. Aparatın çatdırılma qiyməti 50 manat olaraq müəyyənləşib. Sifariş etmək üçün öncədən 100 manat əmanət ödənilməlidir.
Şirkətdən bildirilib ki, xidmətin ilk ayı üçün ödəniş ya aktivləşdirildiyi anda, ya da modem çatdırıldıqdan 30 gün sonra (hansı birinci baş verirsə) həyata keçirilir.
Qeyd edək ki, “Starlink” — aşağı Yer orbitasından istifadə edərək genişzolaqlı internet xidməti təqdim edən dünyanın ilk və ən böyük peyk qruplaşmasıdır. Bu internet xidməti yayım (streaming), onlayn oyunlar, videozənglər və bir çox digər rəqəmsal fəaliyyətləri dəstəkləmək imkanına malikdir.
“Starlink” minlərlə peykdən ibarət bir şəbəkədir və Yerə daha yaxın — təxminən 550 km hündürlükdə yerləşərək bütün planetin əhatə olunmasını təmin edir. Starlink peyklərinin aşağı orbitdə yerləşməsi sayəsində siqnalın gecikmə müddəti əhəmiyyətli dərəcədə azalır — təxminən 25 millisaniyə, halbuki ənənəvi peyklərdə bu göstərici 600 millisaniyədən çoxdur.