...

Şərqi Zəngəzuru İrandan keçməklə Naxçıvanla birləşdirəcək elektrik xəttinin tikintisi ölkəmizə nə verəcək? - ŞƏRH

İqtisadiyyat Materials 9 Aprel 2025 15:25 (UTC +04:00)
Şərqi Zəngəzuru İrandan keçməklə Naxçıvanla birləşdirəcək elektrik xəttinin tikintisi ölkəmizə nə verəcək? - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şərqi Zəngəzur iqtisadi rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək elektrik verilişi xətti tikiləcək.

Bu barədə aprelin 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevlə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqlə görüşündə bildirilib.

Bəs bu, Azərbaycana nə qazandıracaq?

Mövzu ilə bağlı Trend-ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bu, yeni marşrut olmaqla yanaşı, Naxçıvanın enerji təminatına yeni bir töhfədir.

"Bir neçə il qabaq Prezident İlham Əliyev demişdi ki, Zəngəzur dəhlizi avtomobil-nəqliyyat dəhlizi olmaqla yanaşı, enerji dəhlizi olacaq.

Enerji dəhlizi dedikdə, yüksək gərginlikli magistral xətlərin və təbii qaz kəmərinin çəkilişi də burada ehtiva olunurdu. Bu baxımdan, Ermənistan özünün məkrli siyasətini yürüdərsə, Azərbaycan üçün daim alternativ yollar var. Belə ki, İran üzərindən keçməklə Naxçıvanın birləşdirilməsi regional əməkdaşlıqda niyyəti olan ölkələrə əlavə dividendlər gətirəcək. Görünən odur ki, Ermənistan özünü əlavə qazanclardan və dividendlərdən kənarda qoyur. Azərbaycanın seçimi isə əməkdaşlığa, qazanca, stabilliyə və gələcək inkişafa hədəflənib".

Politoloq Rüfət Hüseyn isə bildirib ki, bu xəttin tikilməsi Naxçıvanın enerji təchizatını daha da sabitləşdirəcək.

"Naxçıvan indiyə qədər, əsasən, Azərbaycanla olan əlaqələrə görə elektrik enerjisini təmin etməli idi. Yeni xətt Naxçıvana əlavə enerji mənbələri yaradaraq, enerji təhlükəsizliyini artıracaq. Azərbaycan Şərqi Zəngəzur vasitəsilə İranla elektrik enerjisi mübadiləsi aparmaq imkanına sahib olacaq.

Bu, Azərbaycanın enerji istehsalını artırması ilə yanaşı, bölgə və dünya bazarlarına enerji ixracını da genişləndirə bilər. Xüsusilə Naxçıvan və İran arasında elektrik enerjisi ticarəti həm iqtisadi baxımdan, həm də siyasi əlaqələrin gücləndirilməsi baxımından faydalı olacaq.

Elektrik verilişi xətti, həmçinin, Şərqi Zəngəzurda və Naxçıvanda digər infrastruktur layihələrinin inkişafına təkan verəcək. Bu layihə bu ərazilərdə həm istehsal, həm də xidmət sahələrinin inkişafını sürətləndirəcək və bölgənin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.

Politoloq qeyd edib ki, layihə Şərqi Zəngəzurun Azərbaycanın digər hissələri ilə daha da inteqrasiya olunmasına kömək edəcək.

"Enerji xətləri arasında əlaqə yaradılması həm elektrik enerjisi, həm də digər nəqliyyat və kommunikasiya sahələrində də əməkdaşlığın inkişafına təkan verə bilər. Ümumiyyətlə, bu layihə Azərbaycanın enerji şəbəkəsini gücləndirərək, iqtisadi inkişafı dəstəkləyəcək, həmçinin, regional əlaqələri və strateji mövqeyini yaxşılaşdıracaq", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti