...

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilib (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2025 19:14 (UTC +04:00)
Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilib.

Trend xəbər verir ki, forumun əsas məqsədi süni intellekt və böyük verilənlər sahəsindəki ən son yenilikləri müzakirə etmək, bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək, akademik, sənaye və dövlət sektoru arasında əlaqələrin möhkəmləndirməkdir.

ADA Universitetində keçirilən forumda Kolumbiya Universiteti, Florida Texnologiya İnstitutu, Nyu-York Universiteti və Tallin Texnologiya Universitetinin nüfuzlu professorları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İnformasiya Texnolagiyaları və Mühəndislik Fakültəsinin Dekanı Abzəddin Adamov qonaqları salamlayıb.

"Biz Azərbaycanda və qlobal miqyasda parlaq zehinləri bir araya gətirən bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq ki, tədqiqatlar, nailiyyətlər və bu sahədə qarşımızda duran çətinliklərlə bağlı mühüm məsələləri müzakirə edək", - o bildirib.

"Son onillikdə biz süni intellekt və böyük verilənlərin qeyri-adi nailiyyətlərinin şahidi olduq", - A.Adamov qeyd edib.

O, həmçinin, tədbirin mövzusunun cari dövrdə aktuallığına diqqət çəkib.

Forumda ADA Universitetinin müəllimi Samir Rüstəmov "Neurotime" şirkətinin məhsullarını təqdim edib.

Bunlara reklamların təyini, "chat-bot" sistemlərinin qurulması, nitqin tanınması, nitqin sintezi sistemi kimi məhsullar aiddir.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov isə bildirib ki, qlobal süni intellekt bazarı 2025-ci ilin sonuna qədər 500 milyard ABŞ dollarına çatacaq.

Onun sözlərinə görə, 2030-cu ilə qədər bu rəqəmin 1,8 trilyon ABŞ dollarına qədər artacağı proqnozlaşdırılır.

"Süni intellekt 2030-cu ilə qədər qlobal iqtisadiyyata 15,7 trilyon dollar əlavə dəyər qatacaq. Mən vurğulamaq istərdim ki, bu, qlobal iqtisadiyyatın hazırkı həcminin 14%-ni təşkil edir", - o deyib.

İcraçı direktor bildirib ki, superkompüterlər, internet olmadan süni zəkadan istifadə etmək qeyri mümkündür.

"Məsuliyyətli süni zəka çox əhəmiyyətlidir. Bizim öhdəliyimiz süni zəkanın sahələr üzrə istifadəsini təkminləşdirməkdir. Düşünürəm ki, biz süni zəka vasitələrini inklüziv vasitələrə çevirməliyik", - deyə o əlavə edib.

Fariz Cəfərov vurğulayıb ki, Azərbaycan artıq səhiyyə, təhsil, kənd təsərrüfatı, idman və rəqəmsal dövlət kimi sahələrdə süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələri sınaqdan keçirir.

Forumda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu Azərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderliyə doğru atdığı növbəti mühüm addım kimi qiymətləndirilib.

Tədbirin rəsmi açılışından sonra “Neurotime” şirkətinin baş direktoru Vüqar Cavadov və həmtəsisçisi Samir Rüstəmov “Akademiya və sənayenin qovşağında süni intellekt” mövzusunda təqdimatla çıxış ediblər.

Forumda sahənin tanınmış şirkət rəhbərləri də iştirak ediblər.

Tədbir panel müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti