Bakı. Trend:
Azərbaycan moldovalı iş adamlarını Ələt azad iqtisadi zonasında əməkdaşlığa dəvət edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov “Azərbaycan-Moldova” biznes forumunun gedişində bildirib.
Çıxışı zamanı nazir Moldovanın biznes nümayəndələrini Azərbaycana investisiya perspektivlərini araşdırmağa və Ələt azad iqtisadi zonasının imkanlarından istifadə etməklə birgə müəssisələr yaratmağa çağırıb.
“Bu gün birgə hökumətlərarası komissiyanın iclasında əməkdaşlığın yeni perspektivləri və istiqamətləri hərtərəfli şəkildə müzakirə olunub. Ticarət, enerji, kənd təsərrüfatı, turizm, təhsil - Azərbaycan və Moldova biznes-ictimaiyyətlərinin gələcək əməkdaşlığının əsas istiqamətləri kimi müəyyənləşdirilib”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, iki ölkənin iqtisadi potensialı və möhkəm siyasi əlaqələr gələcəkdə nəzərəçarpan nəticələrə nail olmağa imkan verəcək.
“Bütövlükdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi bizim əsas prioritetimiz olaraq qalmaqdadır. Azərbaycanda investorlar üçün əlaverişli biznes mühiti yaradılıb”, - deyə nazir vurğulayıb.