Bakı.Trend:
Azərbaycanlı iş adamları müxtəlif səviyyəli tədbirlərdə iştirak üçün Moldovaya dəvət olunublar.
Trend xəbər verir ki, bunu Moldova baş nazirinin infrastruktur və regional inkişaf məsələləri üzrə müavini Vladimir Bolea Azərbaycan-Moldova biznes forumunun gedişində deyib.
“Mən müxtəlif səviyyələrdə tədbirlərdə iştirak etmək üçün azərbaycanlı iş adamlarını Moldova Respublikasına dəvət edirəm”, - deyə o bildirib.
Bolea qeyd edib ki, bugünkü biznes-forum investisiyaların cəlb olunması və dayanıqlı inkişaf üçün platformanın yaradılması baxımından bir katalizator rolunu oynayır.
“Bu cür tədbirləri mütəmadi olaraq keçirmək lazımdır, belə ki, bunlar yeni əməkdaşlıqların və innovasiyaların axtarışında işgüzar dairələr üçün çox güclü perspektivlər açırlar. Biz əminik ki, cari format çərçivəsində baş tutan bugünkü diskussiyalar müqavilələrin bağlanması və gələcək layihələrin müzakirəsi üçün çoxsaylı yeni imkanlar yaradacaq”, - deyə o bildirib.
Bolya ölkələr arasında möhkəm ticari-iqtisadi münasibətlərin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Onun sözlərinə əsasən, 2024-cü ildə Azərbaycan Moldovanın ticarət tərəfdaşları arasında 57-ci yerdə olub.
“Bizim üçün bu sadəcə statistika deyil – bu bir istiqamətləndiricidir və biz bu istiqamətdə səylərimizi fəallaşdırmalıyıq. Biz artım üçün nəhəng potensialın olduğuna əminik”, - deyə o vurğulayıb.