Bakı. Trend:
Azərbaycan aqrar sahədə zəngin təcrübəyə və müasir texnologiyalara malik olan Türkiyənin təcrübəsindən fəal şəkildə yararlanır.
Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ankara şəhərində keçirilən IV Kənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda deyib.
Nazir qeyd edib ki, 30 il işğal altında qalmış Azərbaycan torpaqları minalanıb, su mənbələri çirkləndirilib, ətraf mühitə böyük ziyan dəyib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir:
“Məqsəd bu ərazilərin aqrar potensialından səmərəli istifadə etmək, dağıdılmış kənd təsərrüfatı infrastrukturunu yenidən qurmaq və bu torpaqlara yeni həyat bəxş etməkdir. Bu prosesdə ən müasir aqrar innovasiyalar tətbiq olunur. Azərbaycan aqrar sahədə zəngin təcrübəyə və müasir texnologiyalara malik olan Türkiyənin təcrübəsindən fəal şəkildə yararlanır. İki ölkə arasında aqrar əməkdaşlıq çərçivəsində bir sıra uğurlu layihələr icra edilir”.
Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında ikitərəfli görüş də keçirilib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər balıqçılıq sahəsində Türkiyə ilə əməkdaşlıq, bu sahədə son texnologiyaların transferi, iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərinin azaldılması istiqamətində təcrübə mübadiləsi və kənd təsərrüfatı ilə qida məhsullarının ticarət dövriyyəsinin artırılması məsələlərini nəzərdən keçiriblər.