Bakı. Trend:
Qazaxıstan və Azərbaycan tarixi etibar, mehriban qonşuluq və qarşılıqlı dəstəyə əsaslanan çoxplanlı strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edir.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Strateji Tədqiqatlar İnsitutunun direktoru Erkin Tukumov Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının IV iclasında çıxışı zamanı bildirib.
“Biz artıq dördüncü ildir ki, ekspert səviyyəsində dialoq aparırıq. O kiçik addımlarla başlasa da, bu gün artıq bizim qardaş xalqlar arasında möhkəm körpüyə çevrilib”, - deyə o bildirib.
İnstitut rəhbərinin sözlərinə görə, iqtisadi əməkdaşlıq qəti artım nümayiş etdirməkdədir: son beş il ərzində ölkələr arasında ticarət dövriyyəsi az qala 5 dəfər artaraq 500 milyon dollara çatıb.
“Bu məhz dövlət orqanları və diplomatik missiyaların gördükləri fəal işin sayəsində mümkün olub. Amma bu potensialdan hələ tam istifadə olunmayıb”, - deyə o vurğulayıb.
Erkin Tukumov Qazaxıstandakı iqtisadi islahatlara ayrıca diqqət çəkib. O bildirib ki, ölkəsi artıq yalnız xarici investisiyaların cəlb olunmasına əsaslanan əvvəlki modeldən uzaqlaşaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-xammal ixracının inkişafına önəm verir.
“Biz yüksək əlavə dəyərə malik istehsalı stimullaşdırırıq: emal nə qədər dərin olsa, vergilər bir o qədər az olur. Bu isə sənayeləşməyə aparan birbaşa yoldur,” – deyə o izah edib.
Onun sözlərinə görə, Qazaxıstan Azərbaycana qeyri-xammal məhsullarının ixracını genişləndirməyi planlaşdırır. Söhbət ümumi dəyəri 340 milyon dolları keçən 130 mal növündən gedir.
“Bu, keyfiyyətli iqtisadi tərəfdaşlıq istiqamətində atılmış konkret addımlardır”, - deyə Tukumov bildirib.
Əməkdaşlıq həmçinin nəqliyyat və logistika sahələrini də əhatə edir. Son bir il ərzində Transxəzər marşrutu üzrə daşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb.
“Bu gün biz Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə 1,4 milyon ton neft ixrac edirik və yaxın illərdə bu həcmi 2,5 milyon tona çatdıracağımıza inanırıq,” - deyə o qeyd edib.
Çıxışda infrastrukturun müasirləşdirilməsinin vacibliyi də vurğulanıb. Qazaxıstan artıq logistika və dəmir yolu şəbəkəsinə 25 milyard dollardan çox sərmayə yatırıb. Bu ilin sonuna qədər “Dostık – Moyıntı” dəmir yolunun ikinci xəttinin tikintisinin başa çatdırılması planlaşdırılır ki, bu da Trans-Asiya dəhlizinin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırmış olacaq.
“Biz ortaq gələcəyə inanırıq və artıq bu gələcəyə sərmayə qoyuruq. Qazaxıstan və Azərbaycan sadəcə qonşu deyil, bütün regionun inkişafı ilə bağlı ortaq baxışa sahib strateji müttəfiqlərdir,” - deyə Erkin Tukumov yekunlaşdırıb.
