...

AMB sədri kredit faizlərinin artımından danışıb

İqtisadiyyat Materials 23 Aprel 2025 12:48 (UTC +04:00)
AMB sədri kredit faizlərinin artımından danışıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Banklarda kredit faizlərinin artımı, əsasən, bazarda faizlərin artımı ilə bağlıdır. Bazar faizlərinin artımının da səbəbi məhz likvidliklə bağlıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov bu gün faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, hökumət hesablarında vəsaitin yığılması hesabına bazarda likvidlik azalır: "Likvidlik az olduğu şəraitdə faizlər artır.

İkincisi, sistemdə olan hər bir manatın dəyəri vardır. Yəni evdə şəxs pul saxladıqda il ərzində potensial olaraq 9-10% dəyər itirirsə, həmin vəsaiti banka yatırdıqda şəxs bu dəfə əksinə olaraq qazanır".

Sədrin sözlərinə görə, banklar həmin o vəsaitlərin cəlb edilməsi üçün faizlərini qaldırırlar: "Böyük banklarda depozitlər 5-6% ətrafında, digərlərində isə 8-9% ətrafında idi. Biz pul siyasətimizi həyata keçirməyə başladıqda artıq banklar arasında rəqabət başladı. Bunun nəticəsi olaraq, ötən il unikal əmanətçilərin sayında 41% artım oldu ki, bunun da 77%-i 30 minədək olan əmanətçilərdir".

"Artan faiz şəraitində bizim kreditləşməmiz azalmır. İllik əsasda portfelimiz 18.5%-18.7 faiz artır. Biznes kreditləri illik baxımındam 17%-dən, istehlak kreditləri isə 20%-dən çox artıb. Yəni kreditləşmə davam edir. Biz sadəcə bir fürsəti istifadə edərək həm banklar arasında rəqabəti, həm də bazarda manatın dəyərini formalaşdırdıq", - T. Kazımov vurğulayıb.

"Banklar öz marjalarını istifadə edirlər. Onların marjaları 6-8% olmaqla çox yüksəkdir. Onlara aşağı marja ilə böyük həcmdə çalışmaları daha yaxşı olar.

Biz gözləmirik ki, faizlər daha da artacaq. Bankların öz marjalarına effektiv yanaşacağını gözləyirik. Çünki düşünürük ki, bankların marjaları kifayət qədər yüksəkdir", - deyə AMB sədri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti