Bakı. Trend:
Bazar iqtisadiyyatının əsas meyarlarından biri sağlam və ədalətli rəqabətin təmin olunmasıdır.
Trend xəbər verir ki, bu sözləri “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.
O bildirib ki, ticarət şəbəkələri rəqabətə əsaslanan mühitin formalaşması, inkişafı və davamlılığında mühüm rol oynayır:
"İstehlakçılara keyfiyyətli məhsullara çıxış imkanı yaratmaqla yanaşı, iqtisadiyyatın dinamik inkişafına töhfə verir, yerli istehsalçıların bazara inteqrasiyasını stimullaşdırır".
"Ticarət şəbəkələri, həmçinin, istehlakçı və istehsalçı arasında etibarlı və davamlı əlaqə yaradan mühüm platforma kimi çıxış edir. Onların fəaliyyəti iqtisadiyyatın bir seqmenti ilə məhdudlaşmır. Əgər biz güclü iqtisadiyyata, rəqabətqabiliyyətli yerli istehsala və istehlakçı mədəniyyətinin yüksəlməsinə nail olmaq istəyiriksə, ticarət şəbəkələrinin rolunu düzgün qiymətləndirməli və bu sistemin təkmilləşdirilməsi istiqamətində birgə səylərimizi əsirgəməməliyik", - deyə E.Bağırov əlavə edib.
Qeyd edək ki, ictimai müzakirə KOBİA və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, sahibkarlar və media nümayənələri iştirak edirlər.