Bakı. Trend:
Ötən il Qazaxıstanda Mərkəzi Asiya və Türk dilli ölkələrlə kosmik tərəfdaşlıq qurulması təşəbbüsü ilə çıxış etmişdik.
Trend xəbər verir ki, bu sözləri "Ghalam Kazakhstan" layihəsinin direktoru Berik Zumazanov bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günündə çıxışı zamanı deyib.
O, əməkdaşlığa açıq olduqlarını diqqətə çatdırıb və gələcəkdə bir çox peyk texnologiyalarından istifadə etməyi planlaşdırdıqlarını bildirib:
"Şirkətimiz bir sıra kosmik texnologiyalar sahəsində kompüter altsistemlərinin yaradılması ilə bağlı irəliləyişlər əldə edib. Həmçinin yerüstü stansiyalar, peyk, optik texnologiyalar sahəsində layihələr üzərində işləyirik.
Ötən il ölkəmizdə belə bir təşəbbüslə çıxış etmişdik ki, Mərkəzi Asiya və Türk dilli ölkələrlə kosmik tərəfdaşlıq quraq. Yəni birlikdə Türk dövlətlərinin peyk sistemini qurmağı hədəfləmişik. Bununla bağlı bir memorandum da imzalanmışdır. Bu, ölkələrimiz arasında əməkdaşlığı daha da gücləndirmək üçün bir imkan təqdim edir".
"Artıq "Özbəkkosmos" agentliyi bu istiqamətdə ciddi əməkdaşlığa hazır olduğunu bildirib. Ayda tədqiqatla bağlı digər ölkələrlə birlikdə tədqiqat aparmaqda çox maraqlıyıq. Buna uyğun olaraq ortaq teleskop layihəsini inkişaf etdirmək niyyətindəyik. Cari layihələrdən onu da qeyd edim ki, optik pilot layihəsi hazırlamışıq. Polşa şirkəti ilə bu sahədə yaxından əməkdaşlıq edirik. Hazırda bu layihə üzrə işləri yekunlaşdırmaq üzrəyik. Yaxın zamanda sınaqdan keçirməyi nəzərdə tuturuq", - deyə layihə direktoru vurğulayıb.