Bakı. Trend:
May ayının 10-da Bakıda Dayanıqlı Kənd Təsərrüfatı İnvestisiya Forumu keçiriləcək.
Trend xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik” - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.
O bildirib ki, Forum İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüafatı Nazirliyinin tərəfdaşlığı, İslam Ticarət və İnkişaf Palatasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçiriləcək.
Konfederasiyasının prezidenti sahibkarları aktiv iştiraka dəvət edib.
"Bu gün aparılacaq fikir mübadiləsi, təkliflər və təhlillər sahibkarlığın inkişafı və ölkəmizin suveren iqtisadi potensialının gücləndirilməsi baxımından faydalı olacaq. Biz birlikdə, həm Konstitusiyamızın təmin etdiyi hüquqlardan bəhrələnərək, həm də dövlətimizin yaratdığı iqtisadi imkanlardan istifadə edərək daha güclü sahibkar icması qurmağa çalışacağıq.
Əminəm ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ən yeni texnologiyaların tətbiq olunması, yeni iş yerlərinin yaradılması və bərəkətli torpaqlarımızın yenidən həyata qaytarılması əhalinin rifah halının yaxşılaşdırılmasında, eyni zamanda iqtisadiyyatımızın inkişafında mühüm rol oynayacaqdır. Bu istiqamətdə qət edəcəyimiz yolda dövlət-özəl birliyi öz töhfəsini verməkdə davam edəcəkdir", - deyə M.Musayev əlavə edib.