Bakı. Trend:
"Azərkosmos”la mümkün müştərək müəssisələrin yaradılması və bu sahədə əməkdaşlıqların dərinləşdirilməsi barədə danışıqlar aparırıq.
Bunu bu gün Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransının (Space Technology Conference (STC2025) ikinci günü çərçivəsində Trend-ə açıqlamasında Pakistanın "Supernet" şirkətinin satış bölməsi üzrə vitse-prezidenti Həsən Cəfri deyib.
O, bir müddət əvvəl "Azərkosmos" ilə Anlaşma Memorandumu imzaladıqlarını bildirib:
"Məqsəd bir-birimizlə peyk sistemləri üzrə əməkdaşlıq etməkdir.
Beləliklə, bizim Yerdə dörd peyk xidmətləri portfelimiz var. “Azərkosmos”un özünün də peyk sistemləri vardır. Kosmik sferada bir-birimizə kömək edəcəyimiz bir əməkdaşlığımız var və biz bu əməkdaşlığı daha da yüksəltməliyik".
"Azərbaycana sərmayə qoymağa gəlincə, biz artıq vaxta və insan resurslarına sərmayə qoyuruq və “Azərkosmos”la mümkün müştərək müəssisələrin yaradılması və bu sahədə əməkdaşlıqların dərinləşdirilməsi barədə danışıqlar aparırıq. Bu da gələcək üçün müəyyən müştərək investisiyaların həcminin genişləndirilməsini nəzərdə tutur", - deyə şirkət rəsmisi qeyd edib.